21 Avqust 2018 16:09
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya arasında əməkdaşlıq olmasa da, Suriya ilə bağlı dialoq gedir. Bir sıra hallarda bu dialoqun nəticələrini də görürük.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Bir müddət əvvəl tərəflərin Suriyada atəşkəsin elan edilməsi ilə bağlı razılığa gəldiklərini xatırladan politoloq qeyd edib ki, Rusiyanın Suriyada təhlükəsizlik zolağının yaradılması ilə bağlı təklifi də ABŞ tərəfindən dəstəklənir:

“Yəni davam edən dialoq müəyyən mənada müsbət nəticə verir. Amma ABŞ və Rusiyanın əməkdaşlığa gedəcəyini demək mümkün deyil. Çünki tərəflərin Suriyada maraqları üst-üstə düşmür. ABŞ-ın əsas hədəfi Suriyada hakimiyyəti dəyişmək, Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaqdır. Rusiya isə Əsədi dəstəkləyir.

Ümumiyyətlə, təkcə Suriya məsələsində yox, digər məsələrdə də Rusiya və ABŞ-ın maraqları üst-üstə düşmür. Amma buna baxmayaraq, ABŞ Suriyadakı dayaqlarını möhkəmlətmək cəhdlərini davam etdirir. Bu məqsədlə də PYD-nin Suriyada fəal olduğu bölgələrdə öz hərbi bazalarını gücləndirir. Yəni, Amerika Suriyadan çıxmağa tələsmir. Çox güman ki, yaxın müddətdə də öz qoşunlarını geri çəkməyəcək”.

İlqar Vəlizadə bildirib ki, Rusiya ABŞ-la yanaşı, digər dövlətlərin hərbi qüvvələrini də Suriyadan çıxarmağa çalışır: “Yəni, bu kimi fikir ayrılıqları ABŞ və Rusiya arasında əməkdaşlığın baş tutmasına imkan yaratmır. Amma dialoq davam edir və bu, ABŞ-la Rusiyanın açıq toqquşmaya getməsinin qarşısını alır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə sanksiyaların ləğv edilməsi üçün şərtlərini açıqlayıb. Amerika başçısı bildirib ki, sanksiyaların ləğvi yalnız Rusiya və ABŞ-ın Ukrayna və Suriya məsələlərinə dair birgə əməkdaşlığı ilə mümkün ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər