24 Avqust 2018 11:12
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri yalnız siyasi deyil, həmçinin iqtisadi baxımdan da diqqəti cəlb edir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, əvvəla, Almaniya Avropa Birliyində, o cümlədən avrozonada aparıcı dövlət hesab olunur: “3 trilyon 684 milyard dollar nominal Ümumi Daxili Məhsulu olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür. 1.4 trilyon dollarlıq ixracla isə Almaniya dünyada üçüncüdür. Dünya ikincisi olan Amerika Birləşmiş Ştatları ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollarlıq artıqlıqla qabaqlayır.

İkincisi, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trayektoriyasının dəyişdirilməsi ilə bağlıdır. Üçüncüsü, təxminən yarım milyard dollarlıq sərmayə qoyuluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər”.

Vüqar Bayramovun fikrincə, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərisində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqların üstünlük təşkil edəcəyi gözlənilir: “Cənub Qaz Dəhlizi əsasən, Cənubi Avropaya hədəflənsə də, Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır. Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi də ciddi əhəmiyyət daşıyır. Çünki bu anlaşmalar sadəcə siyasi deyil, eyni zamanda iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən Bakı səfəri qısa müddətli olsa da, region üçün əhəmiyyətli hesab oluna bilər”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər