24 Avqust 2018 14:21
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Almaniyanın federal kansleri Angela Merkelin sabah Azərbaycana edəcəyi səfərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Qabil bəy, Almaniya kanslerinin Azərbaycana edəcəyi ilk səfəri necə qiymətləndirirsiniz?

– Almaniya kanslerinin Azərbaycanın müstəqillik qazanmasından ötən 27 il ərzində etdiyi ilk səfəri tarixi səfər kimi səciyyələndirmək olar. Çünki Almaniya postsovet məkanındakı respublikalara, o cümlədən Azərbaycana o qədər də böyük diqqət ayırmayıb. Ancaq son illərdə ölkəmizin həm sürətli iqtisadi inkişafı, həm ciddi enerji qaynaqlarına malik olması, eləcə də mühüm enerji qovşaqlarının mərkəzində yerləşməsi bütün dünyanın, o cümlədən Avropa İttifaqının və onun lokomotivi olan Almaniyanın diqqətini özünə ciddi surətdə çəkə bilib. Alman qəzetləri yazırlar ki, Almaniya uzun illərdir Cənubi Qafqazın lider dövləti olan Azərbaycana lazımi diqqət yetirməməklə böyük qəbahətə yol verib. Bu səbəbdən də hazırkı səfərin əhəmiyyəti çox yüksəkdir.

– Səfər zamanı hansı məsələlərin müzakirə ediləcəyini gözləmək olar?

– Merkeli maraqlandıran əsas məsələlərdən biri bu günlərdə ABŞ-la Almaniya arasında ciddi mübahisəyə çevrilmiş Rusiyadan Baltik dənizinin dibi ilə ikinci qaz kəmərinin çəkilməsinə dair yaranan gərginlikdir. ABŞ təkid edir ki, Cənubi Qafqaza, xüsusən Azərbaycan və Türkmənistana daha çox diqqət yetirilsin. Yəni, alternativ mənbə kimi Azərbaycan qazından istifadə edilməsinə diqqət artırılsın. Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Cənubi Qafqaz ölkələrinə səfər edən Merkelin Azərbaycana gəlməsinin birinci qayğısı “Şahdəniz” qaz yatağının Avropa bazarına nə qədər qaz çıxara biləcəyini yerindəcə öyrənmək, üstəlik Azərbaycanla Trans-Xəzər qaz kəməri layihəsinin perspektivlərini dəyərləndirməkdir. Zənnimcə, bu perspektivlər kifayət qədər ruhlandırıcıdır və Merkel Bakıdan bu məsələyə dair özü üçün ciddi qənaətlər çıxarmaqla ayrılacaq.

Üstəlik, Bakı-Tbilisi-Qars dəmiryolu və bu dəmiryolunun iki qitəni – Avropa və Asiyanı bir-birinə bağlaya bilməsi, yəni, qədim İpək Yolunun dirçəldilməsinin canlı nümunəsi də Merkeli ciddi maraqlandırır. Eləcə də Şimal-Cənub dəmiryolu layihəsinə federal kanslerin böyük diqqət yetirəcəyi gözlənilir. Bu səbəbdən də Azərbaycanın strateji əhəmiyyəti Avropa İttifaqının diqqətində önəmli nöqtələrdən birini təşkil edir. Əlbəttə, Dağlıq Qarabağ məsələsi də müzakirə ediləcək. Mən Angela Merkelin Avropa İttifaqının və NATO-nun Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair bəyanatlarından kənara çıxacağına inanmıram. Eyni fikirləri Merkelin təkrar edəcəyinə ciddi surətdə inanmaqdayam.

– Sizcə bu səfər Azərbaycan-Avropa İttifaqı münasibətlərinə necə təsir edəcək?

– Azərbaycan Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında sazişi imzalamağa hələlik hazır deyil. Buna görə də Avropa İttifaqı və Azərbaycan bu il iyulun 11-də Brüssel şəhərində Tərəfdaşlıq Prioritetləri Sənədini parafladılar. Hazırda isə Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanmasına dair ciddi iş gedir. Sazişin demək olar ki, bütün müddəaları ekspertlər tərəfindən razılaşdırılıb. Payız aylarında, ən uzağı ilin sonunadək həmin sazişin imzalanacağı gözlənilir. Əlbəttə, Azərbaycan ikitərəfli sazişi imzalamaqla həm də Avropa İttifaqına assosiativ üzv olmaq barədə iradəsini gerçəkləşdirməyə çalışacaq. Digər tərəfdən Qoşulmama Hərəkatının üzvü olan Azərbaycan üçün ikitərəfli sazişlərin imzalanması daha məqbuldur. Bu həm də Qoşulmama Hərəkatının nizamnaməsinə uyğun olan davranış formasıdır. Ancaq mən əminəm ki, Azərbaycan bölgənin lider dövləti olaraq Avropa İttifaqı ilə iqtisadi və ticarət münasibətlərimizi inkişaf etdirmək üçün əlindən gələni əsirgəməyəcək.

– Səfər zamanı neft-qaz sahəsi və digər infrastruktur layihələri üzrə əməkdaşlıqdan savayı hansı sahələrdə əməkdaşlıq imkanlarına baxıla bilər?

– Ölkə Prezidentinin son çıxışında deyildiyi kimi, Azərbaycan hazırda ölkəyə yeni texnologiyaların gətirilməsinə çox böyük ehtiyac duyur. Yeni texnologiyalar baxımından Almaniya ən çox inkişaf etmiş 4 ölkə sırasındadır. Üstəlik, Azərbaycanla çoxdan nizama salınmış iqtisadi əlaqələr sisteminə malikdir. Azərbaycanda Almaniyanın 28 şirkəti fəaliyyət göstərir. Onların hamısı yüksək texnologiyaların, elm tutumlu sənaye, yaxud tikinti avadanlıqlarının istehsalında önəmli rol oynayırlar. Azərbaycan gələcəkdə Almaniya bazarına üz tutmaqla oradan yeni texnologiyalar, elmi-texniki əməkdaşlıq sahəsində yeni nümunələr əldə etməyə çalışacaq və bunun sayəsində ölkənin həm iqtisadi, həm də elmi-texniki potensialını yeni səviyyəyə qaldırmağa cəhd edəcək. Zənnimcə, Almaniya belə əməkdaşlıq üçün açıq bir ölkədir. Azərbaycanın indiki cəhdləri və səyləri belə bir əməkdaşlığın baş tutmasına və münasibətlərin ciddi surətdə tənzimlənməsinə böyük perspektivlər açacaqdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər