Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlm əsindən keçən 100 gün ərzində Ermənistan-Rusiya ilə münasibətlərinin soyuması, vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”na qarşı elan edilmiş açıq mübarizə və siyasi həbslər Ermənistanı vətəndaş müharibəsinə sürükləyir. Paşinyanın müttəfiqi, iş adamı Qagik Çarukyana qarşı çıxması da, onun əleyhinə açılmış cəbhəni şaxələndirir.
Politoloq Eldar Namazov son dönəmlərdə Ermənistanda gedən ictimai-siyasi prosesləri Teleqraf.com-a şərh edib.
Politoloq Ermənistandakı gərginliyin öz çərçivəsini genişləndirdiyini bildirib:
“Artıq söhbət sadə qarşıdurmalardan getmir. Günü-gündən bu qarşıdurmaların sayı artmaqla yanaşı dərinləşir. Proseslərin vətəndaş müharibəsi həddinə gəlib çatacağını istisna etmirəm. Paşinyan avqustun 17-də keçirdiyi mitinqdə açıq formada dedi ki, xalqın gücündən istifadə edib, Ermənistandakı mövcud siyasi sistemi sonadək dağıtmağa hazırdır. Bu o deməkdir ki, Paşinyan Ermənistanda mövcud olan nə məhkəmə, nə də siyasi sistemi qəbul edir.
Paşinyanı bunu deməyə o faktor məcbur etdi ki, məhkəmə keçmiş prezident Robert Köçəryanı azadlığa buraxdı. Yəni, Paşinyan bununla onu demək istəyir ki, o, nə məhkəməyə, nə dövlətə, nə də siyasi sistemə arxalanır və buna görə də, xalqın gücündən istifadə edib bu sistemi tamamilə dağıtmağa hazırdır.
Bu isə Ermənistanı birbaşa vətəndaş müharibəsinə aparan yoldur. Əgər bunu Paşinyan deyirsə, bu istiqamətdə istənilən vaxt addım ata bilər”.
Ermənistandakı qarşıdurmaların şiddətli xarakter aldığını deyən Eldar Namazovun sözlərinə görə, hazırkı baş nazir vaxtilə hakimiyyətdə olmuş siyasi qüvvələrə qarşı gözlənilməz addımlar ata bilər: “Paşinyan 20 ildən çox hakimiyyətdə olmuş siyasi qüvvələrin müqavimətini qırmaq üçün küçə döyüşlərinə də hazırdır. Bunu da açıq formada bəyan edir. Bu isə o deməkdir ki, Ermənistan addım-addım vətəndaş müharibəsinin astanasına gəlib çıxıb”.