Angela Merkelin Qafqaz səfəri ümumilikdə Avropa İttifaqı (Aİ) ilə Cənubi Qafqaz ölkələri arasındakı münasibətləri yoxlamağa hesablanmış bir addımdır.
Bu sözləri Publika.az-a politoloq Elşad Mirbəşiroğlu kansler Angele Merkelin regiona səfərini şərh edərkən deyib.
“Xüsusilə qeyd etmək istəyirəm ki, Aİ ilə Azərbaycan arasında yeni münasibətlər, razılaşmalar düşünülür. Bundan başqa Gürcüstan və Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin bundan sonrakı inkişaf perspektivləri Avropada olduqca maraqla izlənilir. Gürcüstanın mövqeyi ilə bağlı bəzi məqamlar bəlli olsa da, Ermənistanın Aİ ilə hansı münasibətlər çərçivəsində irəliləyəcəyi həmişə olduğu kimi bu gün də sual altındadır. Avropanın Paşinyandan çox qəti və konkret addımlar gözlədiyi düşünülür. Çünki bildiyimiz kimi Paşinyana kənar dəstək məhz Avropadan gəlir. Ən azından bu müşahidə olunur. Sadəcə məsələ burasındadır ki, Paşinyan özü bu dəstəyi etiraf edir və onunla əsaslandırır ki, bu, hakimiyyətdə qalmaq üçün hazırda onun qarşısında olan yeganə seçimdir. Bu vəziyyətin diqqtəsi altında hərəkət edən Paşinyanın Rusiya ilə Avropa arasında hər hansı bir manevr etmək kimi imkanları mövcud deyil. Aİ-nın siyasi və iqtisadi lokomativi rolunda çıxış edən Almaniya bütövlükdə Avropa İttifaqının taleyini hər iki mənada öz üzərinə götürmək məcburiyyətindədir. Böyük Britanıyanın Aİ-nı tərk etməsindən sonra bütün məsuliyyət Fransa və Almaniyanın üzərinə düşüb. Amma görünən odur ki, Fransa ilə müqayisədə Almaniyanın təsir imkanları daha genişdir. Təbii ki, bu cür proseslər ərəfəsində Merkel Ermənistanın açıq şəkildə müşahidə olunacaq tərzdə Aİ-yə üz tutmasını gözləyir. Amma Rusiya amilini də unutmaq olmaz, çünki Merkel Gürcüstanda çıxışlarından birində Rusiyanın ünvanına bir sıra ittihamlar səsləndirib. Ermənistan məsələsində də təbii ki, Almaniyanın, eləcə də bütün Avropanın tək istəyi odur ki, Ermənistan bütünlükdə Rusiyanın təsiri altından çıxarılsın”.
E.Mirbəşiroğlu bildirib ki, A.Merkel il yarım bundan əvvəlki çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş fikirlərində əsas mane qüvvənin Rusiya olduğunu vurğulamışdı:
“Merkelin Azərbaycana səfərinə gəldikdə isə bu səfərin əsas məqsədi ümumi vəziyyətin, eləcə də Ermənistan və Azərbaycan arasında əsas münaqişəli məsələ olan Dağlıq Qarabağ probleminin tənzimlənməsinə yönəlib. Bir məqamı xatırlatmaq istəyirəm ki, il yarım bundan öncə Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münqaişəsinin tənzimlənməsi istiqamətində əsas subyektin Rusiya olduğunu bəyan etmişdi. Almaniyanın bu məsələ ilə bağlı mövqeyi bu bəyanatdan açıq-aydın görünür. Bir növ Almaniya qəbul edir ki, Rusiyanın bu məsələdə güclü təsiri mövcuddur. Bu baxımdan, düşünürəm ki, Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ancaq bəyanatlar verə bilər. Bəyanatlar isə ölkə ərzilərinin dövlət reysterləri çərçivəsində tənzimləməyə kömək edir. Amma bu belə Azərbaycanın lehinə təsir edir. Bütün beynəlxalq instansiyalar Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Konkret olaraq bu məsələnin tənzimlənməsi istiqamətində Merkelin atacağı addımlara gəldikdə isə düşünürəm ki, bu dəfə hər hansı yeni bəyanat olmayacaq".
Politoloqun fikrincə, Merkeli bu səfərdə maraqlandıran əsas məsələlərdən biri Aİ ilə Azərbaycan arasındakı münasibətlərin yeni platforma sərhədləri daxilində inkişaf etdirilməsidir: "Regiona, xüsusilə Bakıya səfərin əsas məqsədi budur. Çünki son dövrlər Aİ ilə Azərbaycan arasında çox dinamik silsilə görüşlər keçirildi, yeni əməkdaşlıq sənədlərinin imzalanması istiqamətində prinsipial addımlar atıldı və təbii ki, Aİ-nın bütün məsuliyyətini öz üzərində hiss edən Almaniya danışıqların, aparılan dioloqların ardınca qəti addımların atılmasını dəstəkləyəcək. Bildiyiniz kimi, bu gün Aİ üçün ən önəmli məqamlardan bir Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələrdir. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox əhəmiyyətli rol oynayacaq. Digər məqam isə Xəzərin hüququ statusu ilə bağlı Konvensiyanın imzalanmasından sonra Azərbaycanın enrji sahəsində tranzit imkanları daha da genişlənməsidir. Bu istiqamətdə isə yeni müzakirələrin baş tutacağı gözləniləndir. Bu isə Azərbaycanın tranzit ölkə kimi Avropada tanınması üçün əlverişlidir. Azərbaycan gələcəkdə bundan ciddi şəkildə faydalanmaq imkanı əldə edəcək. Merkelin bu səfəri zamanı müzakirə olunacaq əsas məsələ Aİ ilə Azərbaycan arasında siyasi, iqtisadi, nəqliyyat və ölkələr üçün maraqlı olan digər sahələr üzrə real imkanların yaradılması olacaq”.