Heydər Əliyev Fondunun fəaliyyəti haqda danışmaq qısa zaman məsələsi deyil. Bu çoxşaxəli fəaliyyətləri bir-bir sadalamaq mümkünsüzdür.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Millət vəkili ölkənin Birinci xanımı, I Vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif sahələrdə gördüyü işlərə diqqət çəkib:
“Heydər Əliyev Fondu ilk növbədə hər şeydən ümidlərini üzmüş, köməyə ehtiyacı olan insanlar üçün açılan ümid qapısıdır. Fond yüzlərlə insanın ümid yeri olub. Xəstələri müalicə etdirib, dərdi olanlara çarə olub, çətin vəziyyətə düşənləri xilas edib.
Bu mənada, Heydər Əliyev Fondunun ən böyük uğurlarından biri insanlar üçün sonda bir ümid qapısı olmasıdır.
Digər yandan, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti və tarixinin dünya ictimaiyyətinə tanıdılması kimi üzərinə çox ağır missiya götürüb və bunun uğurla həyata keçirməyi bacarır. Fond Azərbaycan mədəniyyətini dünyaya tanıtdı. Azərbaycan mədəniyyətini ifadə edən tarixi abidələr beynəlxalq təşkilatların siyahısına salındı”.
Fəzail İbrahimlinin sözlərinə görə, ölkənin təhsil məsələsi də Heydər Əliyev Fondunun diqqət mərkəzindədir: “Fondun şaxələnmiş fəaliyyətlərindən biri kimi Azərbaycanda məktəblər yenidən quruldu. Bu məsələlərin həllində Heydər Əliyev Fondunun həlledici addımları oldu.
Azərbaycanın dünyaya tanıdılmasında Mehriban xanımın şəxsi keyfiyyətləri də mühüm rol oynayır. Məsələn, I Avropa Oyunlarında Mehriban xanım Təşkilat Komitəsinin sədri kimi fəaliyyət göstərdi və Azərbaycanı ən mükəmməl formada dünya ictimaiyyətinə təqdim etdi. Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması üçün yaranmış şəraitdən məharətlə istifadə etdi. O, həm islam əxalqının bütün normalarını, həm də Avropanın qabaqcıl düşüncələrinə sahib bir xanım olduğu üçün Qərb və Şərq dəyərlərinin sintezini uğurla həyata keçirdi.
İnanıram ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti bir ümid qapısı kimi uğurla davam edəcək”.