Almaniya kansleri Angela Merkelin ötən şənbə günü Azərbaycanda vətəndaş cəmiyyəti fəalları ilə görüşü müxalifət daxilində narazılığa səbəb olub. Xüsusilə də, AXCP sədri Əli Kərimlinin tərəfdarları bu görüşün əhəmiyyətini aşağılayan, oradakı iştirakçıları gözdən salan açıqlamalar verməkdədirlər.
Mühacir jurnalist, “Azadlıq” qəzetinin müxbiri olmuş Fikrət Hüseynli Merkellə görüşdə iştirak etmiş vətəndaş cəmiyyətinin bütün üzvlərini az qala hökumət nümayəndəsi, müxalifətin əleyhinə kampaniya aparan şəxslər kimi təqdim etməyə çalışıb.
F.Hüseynli sosial şəbəkədəki hesabında yazır: “Daha heç nə. Merkel xanım vətəndaş cəmiyyəti adıyla belə bir görüş keçirib gələcək xəritəni bəlli etdi. Müxalifət liderliyində də varislik davam edəcək. İsa Qəmbəri Turqut Qəmbər əvəz edəcək. Jurnalistika Xədicə İsmayıl kimi ölkəni tərk edə bilməyəcək. Qeyri-hökumət təşkilatları da Əvəz Həsənov, Şəhla İsmayıl kimi dişsiz olacaq.
Yox cənablar, biz bu rüsvayçı durumu dəyişəcəyik. Şəxsən bir azərbaycanlı olaraq bu görüşü ayıb sayıram. Və əminliklə bildirirəm ki, bu cür düzəni pozacağıq. Buna əmin olun"...
F.Hüseynli hesab edir ki, Merkel ilk növbədə Əli Kərimli və İlqar Məmmədovla görüşməli idi: "Öncə qeyd etmək istəyirəm ki, Xədicə İsmayıldan daha bilgili şəxslər var media sahəsində. N qədər saya bilərəm. Xədicə İsmayıl son illər ancaq öz maraqları və "çevrəsi" daxilində hərəkət edir. Sizin gender və sair məsələlər üzrə ixtisaslaşmış hesab etdiyiniz Sevinc Səmədzadədən daha çox Mehriban Zeynalovanın fəaliyyəti məlumdur. Vətəndaş aktivliyi baxımından Nida həbsxanaya İlkin kimi məhbuslar göndərməklə, bir də Avropaya Nidaçı libasında kimliyi, nəçiliyi bilinməyən, sonradan Azərbaycanda "verbovka" olunduğunu etiraf edən agentura göndərməklə məşğul olub. O ki qaldı ümumi görüşə, bu görüşdə, ən azı Əli Kərimli, İlqar Məmmədov iştirak etməli idi. Hakimiyyət onları siyahıya salmamışdısa, o görüşə vətəndaş cəmiyyəti adıyla salınanlar tələb etməli idilər. Etmədiklərinə görə də bu adamlar hakimiyyətin oyununda oynayan şəxslərdir".
F.Hüseynlinin yazdıqlarına vətəndaş cəmiyyəti nümayəndələrinin cavabı özünü çox gözlətməyib.
Görüşdə iştirak edənlərdən “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov bildirib ki, Angela Merkel ilə görüş ətrafında fikir mübadiləsinin belə formaya salınması təəssüf doğurur: “Görüşün mahiyyətindən yazmaq əvəzinə başlayıblar iştirakçıları müzakirə etməyə. Bu cür yanaşma ilə hara gedəcəyik? Niyə hər kəs öz işi ilə məşğul olmur? Niyə hər kəs verəcəyi töhfə haqqında fikirləşmir? Misal üçün Fikrət Hüseynli bu görüşdə iştirakı ayıb sayır. Belə şeyləri heç zaman deməsəm də, onun Kiyevdə saxlanılması hadisəsində Bakıda oturub Almaniyadan olan və Kiyevə gələn jurnalistlərin onunla maraqlanması və məhkəmə prosesini izləməsini təşkil edəndə bunu özümə ayıb saymırdım. Onu bir vətəndaş cəmiyyəti nümayəndəsinin edə biləcəyi iş sayırdım. İndi daha nə deyəsən”.
Qeyd olunur ki, F.Hüseynli protokol qaydalarını bilmədən görüş barədə fikirlərini qələmə alıb. Onun protokol qaydalarından, xüsusilə də, avropalı siyasilərin səfərləri zamanı görüş proqramlarının necə təşkil edildiyinə dair təsəvvürləri olsaydı bilərdi ki, Merkelin kimlərlə görüşəcəyini getdiyi ölkənin hökuməti deyil, Almaniya səfirliyi müəyyən edir. Adından da göründüyü kimi, Merkel Bakıda siyasi partiya rəhbərləri ilə deyil, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Vətəndaş cəmiyyəti qurumları isə müstəqil şəxslərdən formalaşır.
Sosial şəbəkələrdə aparılan müzakirələr göstərir ki, radikal müxalifət böyük ümidlə yanaşdığı Merkelin Bakı səfərinin nəticələrindən məyus olub. Hələ Merkel Cənubi Qafqaza gəlməmişdən öncə Berlində bir qrup müxalifətçi aksiya keçirərək kanslerin diqqətini insan haqları, siyasi partiyaların durumuna yönəltməyə çalışmışdılar. Onların bu yöndəki bütün çabaları yenə də nəticəsiz qaldı.