29 Avqust 2018 12:06
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyan özü də bilmədən, kifayət qədər təcrübəsi olmadan Rusiya ilə münasibətləri gərginləşdirib. Onun hərəkətlərinə, fəaliyyətinə Moskvada o qədər də müsbət baxmırlar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq-diplomat Fikrət Sadıqov deyib.

O qeyd edib ki, Kremlə yaxın olan bir sıra ekspertlər N.Paşinyanı tənqid edirlər:

“Çünki onun hərəkətləri, fəaliyyəti Moskvanı qıcıqlandırır. Hər halda indiyədək belə idi. Qərb isə öz-özlüyündə gözləmə mövqeyindədir. Almaniyanın federal kansleri Angela Merkel Bakıda olarkən mətbuat konfransında bəyan etdi ki, İrəvanda hakimiyyət dəyişilib. İndi biz orda baş verəcək yeni yanaşmaları gözləməliyik. Xanım kansler bununla demək istədi ki, yeni hakimiyyət xarici və daxili siyasətdə öz prioritetlərini, əsas istiqamətlərini cızmayıb. Yəni, çabalayır. Paşinyan da, onun ətrafındakı təcrübəsiz müşavirlər də çabalayır. Reallıq ondan ibarətdir ki, Ermənistan bütün tellərlə Rusiyaya bağlı bir ölkədir. Onun bütün iqtisadiyyatı, nəqliyyat şəbəkəsi, hərbi-sənaye kompleksi, silahları birbaşa Rusiya ilə bağlıdır. İndi o desə də, deməsə də, Brüssellə oynasa da, vədlər versə də, Rusiyanın boyunduruğundan asanlıqla çıxa bilməyəcək. Bu, birmənalıdır. Digər tərəfdən, onun qonşuları sərhədi bağlayan Türkiyə və münaqişə vəziyyətində olan Azərbaycandır. Yəni, xarici siyasətdə konkret, prinsipial, qəti mövqeyi bilinmədikcə bu adamın istər Brüsselə, istər Moskvaya, istərsə də Soçiyə getməsinin bir faydası olmayacaq”.

F.Sadıqov əlavə edib ki, bu qəti mövqe ancaq Rusiyanın maraqlarının təmin edilməsi yolu ilə bilər:

“Digər reallıq da odur ki, Dağlıq Qarabağ ətrafında 7 rayon işğal altındadır. O, başa düşməlidir ki, bu rayonları əbədi, yaxud uzun müddət işğal altında saxlamaq mümkün deyil. Çünki bu, öz-özlüyündə həm Ermənistan iqtisadiyyatına, həm də Paşinyanın siyasi imicinə bir zərbədir. Biz dəfələrlə demişik ki, əgər Ermənistan müəyyən güzəştlərə getsə, biz də müəyyən müsbət addımlar atmağa hazırıq. Ancaq torpaqlar azad olunmalı, yaxud ən azı torpaqların azad olunması prosesi başlamalıdır. Əgər Paşinyan özünü siyasətçi kimi qələmə verirsə, adi reallıqları dərk etməlidir. Hazırda belə bir vəziyyət yaranıb”.

Müsahibimiz əlavə edib ki, digər tərəfdən N.Paşinyan müəyyən kampaniya elan edib, korrupsiyaya qarşı mübarizə aparır:

“Amma əslində bu, rəqiblərin aradan qaldırılması prosesinə bənzəyir. Əli həm Azərbaycan, həm də erməni xalqının qanına batmış keçmiş prezident Köçəryanı uzun müddət həbsdə saxlaya da bilmədi. Çünki ona qarşı artıq Ermənistanda müəyyən qüvvələr var və bu qüvvələr onun hərəkətləri ilə razı deyillər. Bir nəfəri də həbsdə saxlaya bilmədi. Digər bir şəxsə – bir generala əl atmaq istədi, o da alınmadı, əldən çıxdı. Yəni, Paşinyan özünü hələlik dövlət başçısı kimi deyil, küçə bəyanatları səsləndirən populist ictimai-siyasi xadim kimi aparır. Görünür, bunun üçün onun nə kifayət qədər biliyi, nə də təcrübəsi var”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər