Türkiyə Zəfər bayramını - 1922-ci ilin avqustunda yunan işğalçı qüvvələri üzərində möhtəşəm qələbənin, işğalçı ordunu son nəfərinə qədər Anadolu torpaqlarından qovub çıxarmasının növbəti ildönümünü qeyd edir. Zəfər günü üç ildən çox davam edən Qurtuluş savaşının son akkordu idi. İnanıram ki, bizim də həqiqi qurtuluş savaşımız və belə bir zəfər günümüz olacaq!
Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev deyib.
Onun sözlərinə görə, türk xalqını böyük zəfərə aparan Mustafa Kamal Atatürk təkcə tarixi torpaqları işğaldan azad etməmişdi, ilk növbədə türk insanının milli qürur, heysiyyət hissini, öz vətəninə sahiblik duyğusunu özünə qaytarmışdı: “Onlara həqiqi türk kimi doğulmağın, yaşamağın və ölməyin ehtişamını yaşatmışdı”.
Vilayət Quliyev Qurtuluş savaşına qədər türklərin vəziyyətinə toxunaraq Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə yazdığı məktubdan sitat gətirib : “Bütün imperiyalar kimi mövcudluğunun sonunu həqir və miskin durumda yaşayan Osmanlı xanədanının ağır vəziyyətini diqqətlə izləyən və bundan ibrətamiz nəticələr çıxaran Azərbaycan Cümhuriyyətinin İstanbuldakı səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşov 1918-ci il oktyabrın 31-də təslimçi Mudros barış anlaşmasının imzalanmasından bir gün sonra baş nazir Fətəli xan Xoyskiyə yazırdı: “Burada ictimai fikir hətta mövcud olsa da, hərəkətsiz və dumanlı şəkildədir. Bu dağınıqlıq, qətiyyətsizlik içərisində aparıcı əhvali-ruhiyyəni sezmək çətindir. Nəinki çətin, deyərdim ki, qeyri-mümkündür. Çünki ölkə əhalisi nəhayətsizliyə varacaq dərəcədə rəngarəng və müxtəlifdir. Amma bununla belə, yenə üç əsas qrup müəyyənləşdirmək olar: 1. Öz vətənlərinin marağı üçün yaşayan xaricilər. Türkiyə onlar üçün sağmal inəkdən başqa bir şey deyil. 2. Yunanlar və ermənilər. Hər ikisi, xüsusən də yunanlar Türkiyənin barışmaz düşmənidir. Hamısı Osmanlı ağalığından tam azad olmaq arzusu ilə yaşayır, səbirsizliklə ingilislərin, yaxud hər hansı başqa bir qüvvənin onları “vəhşi” adlandırdıqları türklərin əlindən qurtaracağı ümidi ilə günləri sayırlar. Özlərini osmanlı kimi qələmə vermək və saxta vətən sevgisi nümayiş etdirməklə bir sırada, hər an avropalıların türkləri öz ölkələrindən qovub çıxaracağı saatı gözləyirlər. Eyni zamanda türkləri hər üzünə yolur və qırxırlar. Türklər isə bu “fəaliyyətə” daha münasib şərait yaratmaq üçün vuruşmalı və onları qorumalıdırlar. Ermənilərlə yunanlar isə ticarətlə məşğul olmalı, var-dövlət toplamalıdırlar. 3. Nəhayət, türklərin özləri. Onlar iki qrupa bölünür: a) dövləti yaratmış həqiqi türklər; b) vaxtı ilə imperiya tərkibinə daxil edilmiş və bu gün də daxil olan müxtəlif ölkələrin müsəlman xalqları. Müsəlman olsalar da, həmişə türklərdən narazıdırlar. Belələrinin sırasına, fikrimcə, türk dövlətinin qəbirqazanları simasında çıxış edən ərəblər, suriyalılar, çərkəzlər, arnautlar və “et-tuttu guanti” – italyanca bu qəbildən olanlar daxildir. Hər biri yorğanı öz üstünə çəkmək istəyir. Hesab edirlər ki, türk dövləti türklər üçün deyil, ayrılıqda ərəblər, çərkəzlər, arnavutlar üçün yaradılıb. Hazırda Ərəbistanda və Suriyada, daha əvvəl isə Albaniyada türklərə göstərilən münasibət bunun əyani sübutudur. Beləliklə, 30 milyon əhalidən yalnız bir ovuc - 8 milyon nəfərə yaxın Anadolu türkü 600 illik tarixə malik dövlətin bütün yükünü və günahlarını çiyinlərində daşımalı olur. Bu olan işdirmi, bu nə qədər ədalətlidir?!”
Diplomat qeyd edib ki, eyni zamanda Əlimərdan bəy Topçubaşov türk xalqının lap tezliklə öz içərisindən bir Atatürk yetirəcəyinə dərin inamı olduğunu yazıb: “Lakin burada çox qaldıqca 600 ildən bəri belə bir ağırlığı – 600 illik tarixə malik türk dövlətçiliyinin yükünü çiyinlərində daşıyaraq hər cür çətinliyə dözən türk xalqına həqiqi hörmət və məhəbbət hisslərimin get-gedə artdığını hiss edirəm. Cərəyan edən proseslər türk xalqının 600 illik əzab və iztirab tarixidir. Bu xalqda nə qədər yaşarılıq, nə qədər həyat eşqi var! Fenomenal hadisədir! Gözümüz önündəkilər bizə də heç vaxt ruhdan düşməmək, ah-uf etməmək, belə bir xalqın kiçik qardaşı adlanmağa layiq olmaq üçün güc, qüvvə verməlidir və düşünürəm ki, verir.
Ona görə də hesab edirəm ki, taleyin hazırladığı zərbələrə və şıltaqlıqlara davam gətirə bilməkdən ötrü indi hamımız daha çox işləməliyik. Qarşıda bizi nələrin gözlədiyi ilə bağlı falçılıq eləməyək. Hər halda indiyə qədər başımıza gələnlərdən daha pis olmayacaq. Sadəcə, çalışmaq lazımdır ki, qüvvələr dəqiq və bərabər şəkildə bölünsün, hər kəs gücünə, qabiliyyətinə, işgüzarlıq və biliyinə görə mümkün qədər öz yerində olsun. Söhbət xalqın nicatından gedirsə, şəxsi xarakterli mülahizələrə yer yoxdur və heç bir halda olmamalıdır.
Vilayət Quliyevin fikrincə, 100 il əvvəlki bu müdrik çağırışa əməl etsək, mütləq bizim də zəfər bayramımız olacaq: “Hələlik isə canı-canımızdan, qanı qanımızdan olan türk xalqını, türk dostlarımı ötən yüzillikdəki tarixlərinin ən şanlı günü münasibəti ilə təbrik edirəm. Zəfər həmişə bizimlə olsun!”