Hazırda işğalçı Ermənistanda hakimiyyət böhranı müşahidə edilir. Ancaq daha dərindən analiz etsək, belə bir qənaət ifadə etmək mümkündür ki, bu əslində hakimiyyət böhranı deyil, dövlətçilik böhranıdır.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, bunun da səbəbi Ermənistanın işğalçılıq siyasəti həyata keçirərək, öz himayədarlarının köməyilə Azərbaycan torpaqlarını işğal etməsidir:
“Ancaq Ermənistanı idarə edən imperativ güc mərkəzi ilə münasibətlər azca korlanan kimi bəlli olur ki, nə Ermənistan dövlət deyil, nə də onun müstəqil siyasi sistemi və ordusu var. Hazırda bu ölkədə baş verən proseslər də dediklərimizin əyani təzahürüdür. Nikol Paşinyan siyasi sistemi, dövlətçilik ənənəsi olmayan bir toplumu idarə etməyə çalışır. Bunun mümkün olmadığını gördükdə isə korrupsiyaya qarşı mübarizə, sosial problemlərin həlli adı altında yeni diktatura qurmağa cəhd edir. Çünki onu hakimiyyətə gətirən bu və buna bənzər problemlərin həlli ilə bağlı natamam topluma verdiyi vədlər olub. Ancaq korrupsiya və sosial problemləri o vaxt həll etmək mümkündür ki, bunu təmin edəcək iqtisadi resurslar və hüquqi sistem olsun. Bunların heç biri Ermənistanda yoxdur. Deməli problemi həll etmək də mümkün deyil. Bu zaman ən yaxşı həll yolu manipulyasiya edərək bir həll illiüziyası yaratmaqdır ki, Paşinyan da hazırda elə bunu edir”.
H.Babaoğlunun sözlərinə görə, yaxşı olar ki, N.Paşinyan bunun əvəzində işğalçılıq siyasətinə son qoymaq üçün real addımlar atsın:
“Yalnız o zaman kommunikasiyalar açıla bilər. Ölkədə iqtisadi münasibətlər sistemi formalaşar və problemi həll etmək üçün perespektivlər yaranar. Onun səsləndirdiyi “məni Qarabağ erməniləri seçməyiblər” fikrinə gəldikdə isə bu daha çox daxili auditoriyada özünün Ermənistan erməniləri içərisində reytinqini yüksək saxlamaq məqsədinə hesablanıb. Çünki Ermənistanda daim Qarabağ ermənilərinə yuxarıdan aşağı baxış olub və bu gün də belədir. Üstəlik, Qarabağ klanı hakimiyyətdə olanda Ermənistanı hərbi-siyasi və iqtisadi avantüraya sürükləyib və bu ölkə müstəqilliyini de-fakto itirib. Ona görə də Qarabağ ermənilərinə münasibətdə Paşinyan kimi düşünənlərin sayı həddindən artıq çoxdur. Onun bu mövqeyi həm də Paşinyan və Ermənistan ermənilərinin bu ölkənin Qarabağ probleminin girovuna çevrilməsindən bezmələri kimi başa düşülə bilər. Yaxşı olar ki, Paşinyan Azərbaycanın ünvanına sərt ritorikanı yığışdırsın və problemi həll etməyə çalışsın, işğal faktına son qoysun. Bu, regionda hamının, elə ermənilərin də maraqlarına uyğun olardı”.