Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana səfəri əhəmiyyətlidir. Xanım Merkel səfər zamanı Azərbaycanı Cənubi Qafqazın aparıcı dövləti kimi səciyyələndirdi.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
O bildirib ki, Azərbaycan bu gün regionda Almaniyanın ən böyük iqtisadi tərəfdaşıdır.
“Hesab edirəm ki, Azərbaycan-Almaniya əlaqələri daha da inkişaf edəcək. Artıq Azərbaycan bütövlükdə dünya siyasətinə təsir etmək qabiliyyətinə malik ölkəyə çevrilib. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan mühüm rol oynayır. Biz təbii ehtiyatlarımızı dünya bazarına, xüsusilə Avropa bazarına çıxarırıq və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırıq. Bundan başqa çox mühüm strateji nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Böyük layihələr icra olunur, Azərbaycan uğurlu siyasəti ilə öz ərazisini təkcə region üçün deyil, bütövlükdə qitə üçün də əhəmiyyətli bir rola gətirib çıxara bilib. Azərbaycanın razılığı olmadan bu regionda hər hansı böyük layihə həyata keçirilə bilməz. Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi qüdrətindən xəbər verir”, – deyə deputat qeyd edib.