30 Avqust 2018 18:59
2 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyanın öz müttəfiqləri – Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütyuna qarşı çıxması, onun mövqelərini tamamilə zəiflədə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Lakin politoloq Paşinyanın öz müttiqlərinə qarşı səsləndirdiyi müxtəlif fikirlərdə səmimi olmadığını düşünür:

“Çünki hakimiyyətə gəlməsi ərəfəsində Çarukyan Bloku ilə yanaşı, Daşnaksütyun da Paşinyanı dəstəklədi. Bu, Paşinyanın mövqelərinin güclənməsinə səbəb oldu. Hesab edirəm ki, onun bu sərt bəyanatları qarşıdan gələn parlament seçkiləri ərəfəsində zəif olan mövqeyini tamamilə zəiflədə bilər. Paşinyanın hazırda çıxılmaz vəziyyətdə olduğu göz qabağındadır.

Digər yandan, cinayət törətməkdə ittiham edilən Robert Köçəryanın həbsdən azad edilməsi göstərdi ki, hakimiyyət dəyişikliyindən sonra da Ermənistanda məhkəmə sahəsində şəffaflıq yoxdur və “Qarabağ klanı”nın məhkəmlərə təzyiq etmək imkanları kifayət qədərdir. Bir tərəfdən də Serj Sərkisyanın Respublika Partiyasının parlamentindəki üstünlüyü, üstəgəl Rusiya ilə kəsinləşən münasibətlər Paşinyanı zərbə qarşısında qoyur. Yəni, Paşinyan köhnə siyasi sistemi dəyişmək üçün addımlar ata bilməyib. Bunun da əsas səbəbi hökumətin kifayət qədər maliyyə vəsaitinin olmamasıdır. Büdcədə demək olar ki, pul yoxdur”.

Elşən Manafov Ermənistan baş nazirinin Qarabağa səfərinə də toxunub:

“Nikol Paşinyan yaxın günlərdə yenidən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəldi. Bu isə onu göstərirdi ki, “Qarabağ klanı” hələ də, Ermənistan siyasətində ciddi mövqelərə malikdir. Buna görə də o, Ermənistan cəmiyyətini müharibə əhval-ruhiyyəsinə və millətçilik ruhuna kökləyib. Bunu da ona görə edir ki, seçkilərdə qalib gəlmək üçün “Qarabağ klanı”nın elektoratını da öz tərəfinə çəkə bilsin.

Almaniya Kansleri Angela Merkelin Ermənistana səfəri də, Qərbin Paşinyana olan münasibətini ortaya qoydu. Merkel burada Paşinyanın başçılıq etdiyi hökumətin nümayəndələri ilə çox, Ermənistan müxalifətini küçədə təmsil edənlərlə görüşə üstünlük verdi. Buna görə də Paşinyan seçkilərdə qalib gəlmək istəyirsə, ilk növbədə parlament daxilində özünə dəstəkçilər qazanmalıdır. Digər yandan, o, seçkilərə getmək üçün baş nazir postundan istefa verməlidir. Amma Paşinyan sonuncu mitinqində bəyan etdi ki, istefa verməyəcək. Yəni, bu o demək idi ki, Paşinyan Konstitusiyanı dəyişmək fikrindədir. Lakin parlamentdə qüvvələr nisbəti öz əleyhinə olduğu vəziyyətdə Paşinyan bunu edə bilərmi? Bu, mümkün deyil”.

Politoloqun sözlərinə görə, seçkilərdə qalib gəlməsi üçün Paşinyan nəinki öz müttəfiqlərini dəstəkləməlidir, hətta Respublika Partiyası daxilində də özünə müttəfiqlər tapmalıdır: “Lakin bu dəstəyin veriləcəyi inandırıcı görünmür. Bu vəziyyətdə isə seçkilərə getməklə, məğlubiyyəti əvvəldən qarantiyaya alacağı birmənalıdır. Hesab edirəm ki, Nikol Paşinyan keçid dövrü üçün seçilmiş fiqurdur. O, Yusif Sərrac kimi öz vəzifəsini yerinə yetirib, kənara çəkiləcək. Ümumiyyətlə, Qərbdən maliyyə dəstəyi almadığı və Rusiya ilə münsibətlərin kəskin olduğu bir dönəmdə Paşinyan uğurlara imza ata bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər