Parlament seçkilərinə qatılacaq Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın qalib gələcəyi inandırıcı görünmür.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Hikmət Hacızadə deyib.
Lakin politoloq sabiq dövlət başçısının güclü dəstəyə sahib olduğunu bildirib:
“Köçəryanın seçkilərə qatılması Ermənistan daxilində yaranmış müəmmalı vəziyyəti bir qədər də mürəkkəbləşdirə bilər. Onun bu qərarının daxildə hansı vəziyyətə yol açacağını əvvəlcədən demək çətindir. Çünki Ermənistandakı vəziyyət hər gün dəyişir.
Amma Robert Köçəryanın kifayət qədər tərəfdarı var. O, “Qarabağ klanı”nın lideridir və buna görə də ona böyük dəstək olacaq. Digər yandan isə Ermənistanda hakimiyyət inqilab yolu ilə dəyişdi. Bu dəyişiklik birbaşa Köçəryan, yaxud “Qarabağ klanı”na qarşı yönəlmişdi. Bu dəyişiklik baş verəndən sonra Ermənistan daxilində dəyişən situasiya Köçəryanın qalib gəlməsini əngəlləyəcək. Hətta onun həbs edilməsi ehtimalı daha yüksəkdir. Hesab edirəm ki, Köçəryan həbs ediləcək.Amma Robert Köçəryanın ən böyük üstünlüyü Moskvadan aldığı dəstəkdir. Moskvanın Paşinyanı hədələməsi də onun üstünlüyü sayıla bilər”.
Hikmət Hacızadə Köçəryanın həbs edilməsinin Ermənistanın ictimai-siyasi vəziyyətinə təsir imkanlarını da qiymətləndirib:
“Hesab edirəm ki, Robert Köçəryanın həbs edilməsi, daxildə qarşıdurmalara yol aça bilər. Lakin bunun indi yox, gələcəkdə baş verəcəyini düşünürəm. Əgər Paşinyan seçkilərdə qalib gəlsə, bu vəziyyət və Köçəryan həmişə ona mane olacaq.
“Qarabağ klanı”, Paşinyanın siyasətindən narazı olan milyarderlər, oliqarxlar Köçəryanın ətrafında birləşəcəklər”.
Qeyd edək ki, Robert Köçəryan gələn il Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.