Azərbaycanın çox yaxşı münasibətlərdə olduğu ölkələr var - Türkiyə, İsrail, Pakistan və sair. Lakin mətbuatımızda bu ölkələrlə münasibətlərimizin yaxşı olduğunu təbliğ edən yazıların sayı olduqca azdır. Niyə? Çünki gərək yoxdur, bunu hər kəs görür, bunu isbatlayan faktlar var.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli deyib.
Politoloq Rusiya və Azərbaycan arasındakı münasibətlərə də diqqət çəkib:
“Bəs niyə Rusiyayla münasibətlərimizin yaxşı olduğunu bu qədər təlqin etməyə çalışırlar? Əslində, Rusiyayla münasibətlərimiz yaxşı deyil.
Rusiyayla münasibətlərimizin yaxşı olmadığı bir faktdır. Bunu bildirən çeşidli örnəklər var. Əlbəttə, ağlı başında olan adam ölkəmizin Rusiyayla münasibətlərinin yaman olmasını istəməz. Başqa bir yandan, ağlı başında olan adam yaxşı anlayır ki, Rusiyayla münasibətlərimizin yaxşı olmamağının səbəbi biz deyilik. Ölkələrimiz arasında problem bizim üçün ekzistensial təhlükə dərəcəsinə çatıb. Torpaqlarımızın işğal altında qalmasının, torpaqlarımızın öz gücümüzə qaytarılmasının qarşısı alınmasının arxasında Rusiya dayanıb. Azərbaycan tərəfdən Rusiyayla münasibətlərin yaxşılaşdırılması potensialı çoxdan tükənib. Təşəbbüs Rusiya tərəfindən gəlməlidir”.