1 Sentyabr 2018 19:13
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd il yarım əvvəl – 2014-cü ilin aprelində Donetskdə əsas inzibati binanın ələ keçirildiyini yerindəcə müşahidə edərkən dünən qətlə yetirilən Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko da həmin binada idi. Ətrafda gəzişdim və separatçıların yaxşı hazırlaşdıqlarını, Rusiyadan kifayət qədər dəstək aldıqlarını anladım.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, həmin dönəmdə Ukraynada hakimiyyət boşluğu var idi. Bu isə həm Rusiyanın, həm də Donetskdəki separatçıların işinə yaradı:

“Ancaq qısa zaman kəsiyində Ukrayna özünə gəldi, dağılan ordunu və kəşfiyyat xidmətini yenidən qurdu. Ukrayna kəşfiyyatı son 2 ildə separatçıların xeyli səhra komandirini aradan götürüb. Zaxarçenkonun neytrallaşdırması isə Ukrayna kəşfiyyatının növbəti uğurlu əməliyyatıdır”.

Bununla belə politoloq Rusiya kəşfiyyatının da cavab tədbirləri hazırlayacağından ehtiyatlanır: “Rusiyanın Kiyevdə əmr gözləyən gizli qrupları az deyil. Ötən ilin iyul ayında oğlumla Kiyevdə olanda qaldığım evin iki addımlığında Ukrayna kəşfiyyat xidmətində çalışan yüksək rütbəli zabitin maşını partladı, özü həlak oldu. Daha sonra Kiyev və Odessada oxşar terror aktları baş verdi. Böyük ehtimalla Rusiya kəşfiyyatı intiqam əməliyyatına hazırlaşır”.

Qeyd edək ki, tanınmamış Donetsk Xalq Respublikasının başçısı, 1976-cı il təvəllüdlü A.Zaxarçenko avqustun 31-də “Separ” kafesində törədilən partlayış nəticəndə məhv edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər