Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində çox böyük işlərin görülməsi planlaşdırılır. Şimal qonşumuz bölgənin lider dövləti olan Azərbaycana sərmayə yatırımını artırmağı nəzərdə tutur.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, sərmayə yatırımı zamanı Azərbaycanda Rusiyanın bir sıra sənaye müəssisələrinin filiallarının yaradılması, yaxud şimal qonşumuzun ayrıca bir sənaye müəssisəsinin tikintisində iştirak etməsi nəzərdə tutulur:
“Rusiya ilə birgə səhmdar cəmiyyətləri yaradılacaq. Həmin səhmdar cəmiyyətləri də Rusiya hərbi zavodlarının bəzilərinin Azərbaycanda filiallarının yaradılmasına təşəbbüs göstərəcək. Bu təşəbbüs xüsusilə, sovet dövründən qalma köhnə zavodların birgə işlədilməsi sahəsini daha çox əhatə edəcək. Rusiyanın məqsədi bundan ibarətdir ki, Azərbaycanla ticarət əlaqələrini illik 5 milyard dollara çatdırsın. Onsuz da Azərbaycan indiyədək Rusiyadan 5 milyard dollar dəyərində hərbi sənaye məhsulları alıb. Gələcəkdə hərbi sənaye məhsullarının satılması işi davam etdiriləcək. Ancaq rəsmi Bakı çalışır ki, hərbi sənaye məhsullarının ən önəmli hissəsini öz ölkəsində – Azərbaycanda Rusiya ilə birgə istehsal etsin. Bu istiqamətdə də razılıq əldə edilib”.
Q.Hüseynli əlavə edib ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair fikir mübadiləsi aparılıb, ancaq bu fikir mübadiləsi hələ davam etdiriləcək:
“Çünki bəzi nüanslar var ki, onlarla bağlı Azərbaycanın təkid etdiyi məqamları Rusiya tərəfi hələlik öyrənib ekspertlər səviyyəsində yenidən müzakirəyə təqdim etmək niyyətdədir. Yəni, ekspertlər tövsiyələr hazırlayacaqlar. Söhbət Dağlıq Qarabağ məsələsinin birdəfəlik, həm də beynəlxalq hüququn prinsiplərinə uyğun surətdə tənzimlənməsindən gedir”.
Politoloq əlavə edib ki, bütövlükdə səfərin uğurlu keçdiyini qeyd etmək olar:
“Doğrudur, Rusiya bəzi məsələlərdə, xüsusilə Dağlıq Qarabağ məsələsində çox ehtiyatlı davranış sərgiləyir, amma buna baxmayaraq Azərbaycan tərəfinin təkid və səylərinə də müsbət cavab verməkdə davam edir. Bir sözlə demək mümkündür ki, artıq Rusiya ilə ikitərəfli əməkdaşlıq yeni səviyyəyə qalxır. Bu əməkdaşlıq müntəzəm xarakter daşıyacaq və tərəflər ortaya çıxan müxtəlif məsələləri, məqamları birgə müzakirə edəcəklər”.