3 Sentyabr 2018 23:28
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər SSRİ-nin süqutundan sonra iki müstəqil dövlət arasında daha şəffaf bir müstəvidə inkişaf edir. Biz Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə çox ciddi əməkdaşlıq edirik.

Bunu Teleqraf.com-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda Sovet İttifaqı dövründə olduğu qədər rus dilində təhsil ocaqları fəaliyyət göstərir:
“Biz Rusiya ilə bütün səviyyədən olan münasibətlərimizi bundan sonra da dərinləşdirməkdə davam etmək əhval-ruhiyyəsindəyik. Bunun həqiqətən belə olduğuna dair çox nümunələr gətirmək olar. Məsələn, bu gün Bakı şəhərindəki uşaq bağçalarında Azərbaycan bölməsində sərbəst yerlər kifayət qədər olduğu halda, rus bölməsində yer tapmaq müşkül məsələdir. Heç kim vətəndaşı məcbur edə bilməz ki, sən övladını uşaq bağçasında rus bölməsinə qoymalısan. Deməli, bu bizim öz seçimimizdir, bu bizim rus dilinə münasibətimizdir. Bir millətin dilinə hörmətlə yanaşırsansa, deməli sən o milləti sevirsən. Bax, rus dilinə, rus xalqına və bütövlükdə Rusiyaya bizim münasibətimiz budur. Biz onu tam səmimi və aşkar bir şəkildə ortaya qoyuruq”.

F.Yusifov əlavə edib ki, rusların Cənubi Qafqazda yaratdıqları qondarma erməni dövlətində isə bu dediklərimizdən əsər-əlamət yoxdur, heç sovetlər dönəmində də olmayıb:

“Əksinə, bu gün Ermənistanda Rusiyanı işğalçı dövlət kimi aşağılayan qüvvələrin sayı artır. Nankor erməni unudub ki, başqalarının torpaqları hesabına ona dövlət bəxş edən və bu dövlətə nəfəs verib onu dövlətlər sırasına qoşan məhz Rusiya olub. Ruslar erməni xislətinin xəyanətlə yoğrulduğunu dəfələrlə görsələr də, heç şübhəsiz, onların bu qədər nankor ola biləcəyini hesablaya bilməyiblər. Ancaq fakt faktlığında qalır. Bu gün Ermənistanın yeni hakimiyyəti Moskvaya meydan oxumağa başlayıb. Bunun nə ilə nəticələnəcəyi aydın məsələdir. Əgər “müstəqil” olan Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyilsə və bu işi onun yerinə Rusiya görürsə, belə halda Rusiyaya qarşı bu nankorluq öz layiqli cavabını alacaq. Bütün hallarda, son illərin və xüsusilə də son ayların hadisələri erməni xislətinin iç üzünü daha qabarıq bir şəkildə ruslara açıb göstərdi. Ruslar nəhayət, başa düşməlidirlər ki, dostluqda kim səmimidir və kim dost donuna girib, məqam yetişəndə asanlıqla düşmənə çevrilə bilir”.

Sabiq nazir əlavə edib ki, Rusiyadan bunu bilməsini və bizimlə münasibətlərdə səmimi olmasını istəyirik:

“Biz azərbaycanlılar Rusiya Azərbaycan münasibətlərinin hara qədər lazımdırsa dərinləşməsini ürəkdən istəyirik və buna hazırıq. Yetər ki, bunun qarşılığında Rusiya bizimlə səmimi olsun və Cənubi Qafqazda onun əsl dostunun kim olduğunu etiraf etsin”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər