Geosiyasi qarşıdurmalardan qaynaqlanan risklərin idarə olunmasında görməyimizə öyrəşmədiyimiz, çoxdan unudulmuş, erkən və orta əsrlərdə qaldığını düşündüyümüz tədbirlərin bəzisi yenidən qayıdır. Məsələn, ABŞ, İsrail, Macarıstan kimi ölkələr, qonşularından və daha uzaqlardan gələn, ya da gələ biləcək təhlükələrdən qorunmaq üçün sərhəd boyu divar tikirlər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
O, Səudiyyə Ərəbistanı və Qətər arasında baş verən proseslərə də diqqət çəkib:
“Səudiyyə Ərəbistanı Qətəri özündən ayırmaq üçün sərhəd boyu kanal qazacaq. Kanalın uzunluğu 60 kilometr, eni 200 metr, dərinliyi 20 metr olacaq. Kanal Səudiyyə Ərəbistanın quru ərazisində qazılacaq, Fars Körfəzindən alınmış suyla doldurulacaq. Bununla da Qətər, faktiki olaraq, adaya çevriləcək. Kanalın qazılmasına 746 milyon dolların xərclənəcəyi gözlənilir.
Hər ölkə öz təhlükəsizliyi üçün coğrafi və başqa şərtlərə, eləcə də imkanlarına və dünyagörüşünə uyğun tədbirlər görməyə çalışır. Bəzən təhlükəsizlik başqalarıyla birləşməkdə, bəzənsə başqalarından ayrılmaqda görülür.
Birmənalı və birdəfəlik çözüm yoxdur. Keçmiş bitməyib. Gedişat dünyada risklərin və təhlükələrin artdığını, ya da elə olduğu təəssüratını yaradır”.