Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı üçün yeni mərhələ açır.
Bu sözləri Teleqraf.com-a Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin dostluq əlaqələri dövlətlərarası münasibətlərdə də öz əksini tapır: “Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkə şimal qonşumuz Rusiyadır. Bu ölkədə kifayət qədər soydaşlarımız yaşayır. Rusiya ilə əlaqələrimiz çox sıxdır. Bu baxımdan münasibətlərimizin yüksələn xətlə inkişafı çox əhəmiyyətlidir.
Səfər çərçivəsində imzalanan 15 sənədin hər biri ayrı-ayrılıqda böyük əhəmiyyət kəsb edir. Bu sənədlər ölkələr arasında iqtisadi fəaliyyətin gələcəyi, ticarət əlaqələrinin genişlənməsi, humanitar sahədə əməkdaşlıq, hərbi sənaye ilə bağlı razılaşmanı və digər sahələri əhatə edir”.
Deputatın fikrincə, imzalanan sənədlər Azərbaycan-Rusiya əlaqələrinin inkişafına qarşılıqlı fayda gətirəcək: “Azərbaycanın 2017-ci ildə Rusiya ilə ticarət dövriyyəsi 35 faiz artıb. Söhbət 2,5 milyard dollardan çox vəsaitdən gedir. Rusiyadan idxal olunan, eləcə də Azərbaycandan ixrac edilən məhsullar ticarət dövriyyəsində xüsusi yer tutur.
Düşünürəm ki, əlaqələrimizin yüksək səviyyədə olması gələcəkdə də ölkələrimizin inkişafına, ticari və iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək”.