4 Sentyabr 2018 09:23
3 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya prezidentləri arasında baş tutmuş görüş son illərin ən əhəmiyyətli görüşüdür. Səfərin tarixi, imzalanmış sənədlər və müzakirə edilmiş məsələlər bir sıra baxımdan diqqət cəlb edir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, bu görüş ikitərəfli münasibətlər, region və qlobal məsələlər üçün də önəmlidir:

“Dünyada və regionda gedən proseslər fonunda bu görüşə diqqət böyük idi. Çünki Rusiyaya görə, regionun 3 dövlətindən ikisi – Ermənistan və Gürcüstan ona xəyanət edib. Artıq Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olması perspektivləri müzakirə edilir. Ermənistandakı vəziyyət də məlumdur. Ermənistanın yeni hakimiyyəti Rusiyanı ölkə ərazilərindən çıxarmağa çalışır. Bununla da, Rusiyanın regiondakı nüfuzu hissediləcək dərəcədə azala bilər. Belə bir vəziyyətdə Rusiyanın əsas dayaq nöqtəsi balanslı siyasət yürüdən, öz milli marasqlarından çıxış edərək bütün güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq edən və onların maraqlarını da öz maraqları ilə uzlaşdıran Azərbaycanın mövqeyidir.

Başqa sözlə, Ermənistan və Gürcüstan Rusiyadan uzaqlaşır, yaxın günlərdə də Almaniya Kansleri Angela Merkel regiona səfərə gəldi. Beləliklə, bölgədə gedən geosiyasi proseslər fonunda Azərbaycanla əməkdaşlıq etmək və Prezident İlham Əliyevin səfəri Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Regionun gələcəyi və burada ayrı-ayrı siyasi qüvvələrin nə qədər uzalaşacağı Azərbaycanın mövqeyindən asılı olacaq”.

Nəzakət Məmmədova səfərin Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə təsirlərindən də danışıb:
“Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz ordusunun modernləşdirir və bu məqsədlə də Rusiyadan 5 milyard dollar həcmində silah alıb. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan gözləntilərimiz var. Məlumdur ki, Rusiya münaqişədə açar fiqurdur. Buna görə də, Prezident İlham Əliyevin səfərindən sonra münaqişənin həll prosesində Azərbaycanın xeyrinə olan dəyişikliklərin baş verəcəyi istisna deyil.

Digər yandan, rusiyalı strateqlər Rusiyanın Türkiyə və İranla münasibətlərində Azərbaycanı açar ölkə adlandırırlar. Hazırda Yaxın Şərq və bölgədə gedən proseslər Rusiya, Türkiyə və İranı bir-birinə yaxınlaşdırıb. Ortaq tarixi, mədəni, milli, iqtisadi və siyasi dəyərlər baxımından, Azərbaycan bu ölkələrin münasibətlərində körpü rolunu oynayır.

Eyni zamanda, Azərbaycan Şimal-Cənub Dəhlizində böyük rol oynayır. Putin də qeyd etdi ki, Qərbi Avropa, Yaxın Şərq və Cənubi Asiya bölgələri arasıbnda ticarət dövriyyəsini əhatə edəcək bu xəttin böyük hissəsi Rusiya və Azərbaycandan keçəcək. Demək ki, Azərbaycan bu arealda yerləşən dövlətlərin inteqrasiyasında rol oynayan mühüm bir strateji coğrafiyadır. Nəzərə alsaq ki, İrana qarşı sanksiyalar tətbiq edilir, buna görə də Azərbaycanın bölgədə birləşdirici rol oynaması, beynəlxalq münasibətlər sistemində oynadığı mühüm roldur”.

Politoloq Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı sədlənirdiyi fikirlərə də diqqət çəkib:

“Lavrov dedi ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, ölkəsində baş verən proseslərlə bağlı məlumat verməlidir. Bu o deməkdir ki, Rusiya Paşinyanı hesabat verməyə çağırır. Moskva onu fakt qarşısında qoyacaq.

Yəni, Paşinyan Rusiyaya hesabat verməyə çağırılır, Azərbaycan Prezidenti İlham Əliyev isə müstəqil bir dövlətin başçısı kimi Rusiyaya səfər edir və yüksək səviyyədə qarşılanır. Bu iki səfər hansı ölkənin hansı statusda olduğunu açıq formada göstərdi. İlham Əliyev Soçidə ikitərəfli münasibətlərə dair sənədlərə imza atmışdısa, Nikol Paşinyan ölkəsində baş verənlərin hesabatını, izahını verəcək.

Başqa sözlə, Prezident İlham Əliyevin Rusiya səfəri ikitərəfli münasibətlərin inkişafına və regional münasibətlərdə sabitliyin yaradılmasına xidmət edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər