Yaponiyanın xarici işlər naziri Taro Kono bu gün Azərbaycana səfər etdi. Bu, Yaponiya xaric işlər nazirinin 19 il sonra Azərbaycana ilk səfəri idi. Nazirin Bakıda söylədiyi əsas fikir ondan ibarətdir ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nöqtədə yerləşir və Cənubi Qafqazda Tokionun əsas tərafdaşıdır. Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan ahinoğlu deyib.
Siyasi şərhçi Yaponiyanın xarici işlər nazirinin Bakıya konkret təkliflərlə gəldiyini vurğulayıb. Onun fikrincə, Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır: “Bu təklif Azərbaycan üçün də vacibdir. İlham Əliyev Yaponiyanın xarici işlər naziri ilə görüşdə Azərbaycanda turizmə diqqətin artırıldığını bildirdi. Yaponiya vətəndaşları səyahət etməyi xoşlayırlar. Birbaşa aviareys açılarsa Azərbaycana səyahət edən yaponların sayı artar”.
İkinci təklifə gəlincə, Elxan Şahinoğlu qeyd edib ki, Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib: “Bu da qarşılıqlı əməkdaşlıq üçün faydalıdır, turizmin inkişafına təkan verə bilər. Həmçinin Yaponiya Azərbaycanla qarşılıqlı investisiyaların artırılması barədə müzakirələr aparmağa hazırdır. Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Azərbaycanda 30-dan çox Yaponiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda Yaponiya Azərbaycan iqtisadiyyatına, təxminən, 7 milyard dollar sərmayə qoyub, bunun da 100 milyon dolları qeyri-neft sektoruna aiddir. Bu Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir”.
Politoloq dördüncü təklif kimi Yaponiyanın “Cənubi Qafqaz təşəbbüsü” adlı prosesi başlatmaq istədiyini bildirib: “Yaponiyanın xarici işlər nazirinin sözlərinə görə, bu təşəbbüs iki pillədən ibarət olacaq. Birinci pillə dövlət quruculuğuna dəstək layihəsi adlanır. Bu pillədə dövlət məmurlarının, o cümlədən, gənc diplomatların və hüquqşünasların təcrübə mübadiləsinin aparılması planlaşdırılır. İkinci pillədə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur”.
Siyasi şərhçi hesab edir ki, rəsmi Bakının Yaponiyanın 4 təklifini müsbət dəyərləndirməsi vacibdir: “Bu təkliflərin reallaşması Azərbaycanla Yaponiya arasındakı münasibətləri daha da gücləndirə bilər. Yaponiya Azərbaycandan keçən “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinə də maraq göstərir. Doğrudur, Yaponiyanın bu dəhlizlərdən necə istifadə edə biləcəyi sualı açıq qalır. Ancaq dünya iqtisadiyyatında mühüm pay sahibi olan Yaponiya müxtəlif enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmir və iştirakının mümkünlüyünü nəzərdən keçirir. Asiyada Yaponiya ilə Çin arasında rəqabət var. Çinin maraq göstərdiyi regional layihələrə Yaponiya da maraq göstərir və qonşusundan geri qalmaq istəmir. Yaponiya illərdir Azərbaycanın müxtəlif bölgələrində su və bitki layihələri də maliyyələşdirir ki, bu bölgələrdə yaşayanlar üçün az əhəmiyyətli deyil”.
O, Yaponiyanın GUAM-a da maraq göstərdiyini qeyd edib: “Təsadüfi deyil ki, bu ilin sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində növbəti dəfə GUAM-Yaponiya görüşünün keçiriləcək. Yaponiyanın GUAM-la əməkdaşlığı Azərbaycan üçün vacibdir. Çünki bu yolla Yaponiya GUAM-a üzv olan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etmiş olur. Yaponiya Asiya ölkələri içərisində Azərbaycanın əsas tərəfdaşlarından biridir. Məsələn, Yaponiyanın “İtoçi” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğulamaq lazımdır. “Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılıb. Bu o deməkdir ki, Yaponiyanın enerji şirkətləri Azərbaycanla əməkdaşlığı növbəti illərdə də davam etdirəcəklər”.