6 Sentyabr 2018 08:32
4 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:

- İdlibdə nə baş verir, beynəlxalq oyunçuların orada əsas marağı nədən ibarətdir?
- İdlib Suriya müxalifətinin əlində qalan yeganə və böyük coğrafi rayondur. Hazırda Suriyada təşəbbüsü ələ alan Rusiya və onunla müttəfiq olan İran və Suriya rejimi çalışır ki, müxalifətin son qalası olan İdlibi ələ keçirsin, müxalifəti məhv etsin. Bu mənada ortada açıq qalan sual yoxdur.

Məncə, burada sual doğura biləcək iki vacib məqam var. Birincisi radikal qüvvələrlə mötədil və legitim olan qüvvələri bir-birindən necə ayırmaq məsələsidir. İkincisi, radikal müxalifətə qarşı əməliyyat necə keçirilməlidir ki, sonda humanitar fəlakət və insanlıq dramı yaşanmasın.

Hazırda bu iki məsləyə daha həssas yanaşan Türkiyədir. Türkiyə ciddi narahatdır və hazırda Ankara-Tehran, Ankara-Moskva arasında intensiv danışıqlar gedir. İki gündən sonra Tehranda Türkiyə, İran və Rusiya liderlərinin görüşü olacaq. Bu görüşə qədər bir anlaşmanın əldə edilməsinə çalışılır. Burada əsas məqsəd Rusiya, İran və Suriya rejiminin tanıdığı mötədil müxalifətlə radikal müxalifəti bir-birindən ayırmaq, radikal müxalifəti mümkündürsə, danışıqlar vasitəsilə razı salmaq, mümkün deyilsə, onları parçalamaqdır. Hazırda radikal müxalifətə liderliyi “Heyəti Təhrir Şam (HTŞ) edir. Bildiyiniz kimi, bu qurum Əl-Qaidənin davamı olan “Ən-Nüsra Cəbhəsinin” şəkil dəyişən formasıdır. Bu təşkilatın 30 minə qədər silahlı döyüşçüsü var. Artıq Türkiyənin apardığı aktiv kəşfiyyat işi nəticəsində onların 10 minə qədərinin mövqeyində dəyişikliyin baş verdiyi bildirilir.

Dünən Rusiya İdlibə zərbələr endirib. Əsasən HTŞ hədəf götürülüb. Burada bir məqsəd HTŞ-ni zəiflətmək, digər tərəfdən isə onun daxilində parçalanmaya səbəb olmaqdır. Yəni digər müxalifətləri mövqe dəyişikliyinə getməyə sövq etməkdir. Anlayacağımız odur ki, Türkiyə Rusiya və İranla elə anlaşma əldə etməyə çalışır ki, əməliyyatlar məhdud miqyaslı olsun. Əgər əməliyyatlar məhdud miqyasda olsaun. Bu halda həm dinc əhali arasında itki az olar, qaçqınların sayı azalar, humanitar fəlakətin miqyası məhdud olar, həm də legitim müxalifət qorunmuş olar.

- ABŞ Prezidenti Tramp Bəşər Əsədə xəbərdarlıq etdi, İdlibdə insani fəlakətin yaşana biləcəyini və bunun yolverilməz olduğunu bildirdi. ABŞ-ın İdlibdə hansı maraqları var?
-ABŞ-ı humanitar fəlakətin narahat etdiyini düşünmürəm. Çünki bundan əvvəl də böyük miqyaslı fəlakətlər olub. Və burada ABŞ-ın hərəkətə keçdiyini müşahidə etməmişik. Fikrimcə, ABŞ-ın maraqları sırf siyasi məsələlərlə əlaqəlidir. ABŞ , İsrail, habelə Səudiyyə Ərəbistanı Suriyada siyasi hədəflərinə nail olmadan müxalifətin tam sıradan çıxmasını istəmirlər.

Çünki bu müxalifət onlara həm sülh oyunlarında iştirak imkanı verir, həm də rejimlə yanaşı Rusiya və İrana təzyiq vasitəsidir. Odur ki, Suriyada müxalifətin son qalası yıxılarsa, onların əlində yeganə kart PKK/PYD olacaq. Onda isə bu kart Rusiya və İranın xeyrinə işləyəcək. Çünki PKK/PYD kartı iki müttəfiqi -ABŞ və Türkiyəni üz-üzə gətirən kartdır. Ona görə bu prosesdə ABŞ Türkiyəyə yaxın mövqe tutur. Məqsəd isə Türkiyə ilə Rusiya və İran arasında fikir ayrılığının yaranmasıdır.

- İdlibdə Türkiyəyə yaxın silahlı qüvvələr varmı?
- Təbii ki, var. Azad Suriya Ordusu və ona yaxın olan qüvvələr var. Eyni zamanda orada Türküstan İslam Partiyasının qüvvələri var. Bu qüvvə ilə türklər danışıqlar aparır. Eyni zamanda Suriya vətəndaşı olan HTŞ üzvləri ilə danışıqlar gedir. İndiki halda Moskvanın başlıca məqsədi Suriyada Rusiya və MDB-dən olan döyüşçüləri məhv etməkdir.

Eləcə də Avropadan gələn 600-800 nəfər silahlının məhv edilməsində Avropa ölkələri maraqlıdır. Türkiyə isə çalışır ki, özünə yaxın olan qüvvələri qorusun. Eyni zamanda mümkün qədər radikal qüvvələrin sayı azalsın. Çünki radikal müxalifətin sayı nə qədər az olsa, ora endirilən zərbələrin sayı da bir o qədər az olacaq. Yəni son nəticədə humanitar fəlakət məhdud miqyasda olar və Türkiyədə köçkün və qaçqın məsələsini Suriya daxilində həll edə bilər.

- İdlibdə olan silahlı müxalifət tam sıradan çıxarılsa, Türkiyənin Suriyada mövqeyi zəifləyəcək?
- İndi bu məsələ daha çox sentyabrın 7-də Tehranda əldə edilən razılaşmalardan sonra bəlli olacaq. Təbi ki, Suriya rejimi və onun müttəfiqləri olan İranla Rusiya M-4, M-5 adlandırılan magistral yolları üzərində strateji nəzarəti əldə etməyə çalışırlar. Söhbət Laskiyə-Hələb və Dəməşq-Hələb magistral yolundan gedir. Bu müzakirə zamanı Türkiyə çalışacaq ki, İdlibin şimalında öz mövqelərini qoruya bilsin. Böyük ehtimalla İdlibin cənubunda, cənub-qərbində və şərqində Əsəd rejimi, Rusiya ilə İran dirənəcək. Türkiyə isə çalışacaq ki, İdlibin şimalında öz mövqeyini qoruyub saxlaya bilsin.

- ABŞ İdlib əməliyyatına müşahidəçi qalacaq?
- Mən düşünmürəm ki, amerikanlar bu prosesə seyrçi qalsınlar. Çünki ABŞ bir tərəfdən əməliyyatların başlayacağı təqdirdə insani fəlakətinin yaşanacağını deyir, digər tərəfdən Suriya rejiminin kimyəvi silahdan istifadə etməyə hazırlaşdığını bildirir. Eyni zamanda dünən Rusiya və Əsəd aviasiyası HTŞ mövqelərinə zərbələr endirdiyi zaman İsrail aviasiyası da Hama vilayətinə raket zərbələri endirdi. Fikrimcə, bu da Əsədə bir xəbərdarlıq mesajıdır.

Ancaq Əsəd, Rusiya və İranın dəstəyi ilə İdlib əməliyyatını keçirəcəksə, deməli vəziyyət kəskinləşəcək. Nəzərə almaq lazımdır ki, vəkillər sıradan çıxdıqdan sonra Suriyada yalnız PKK/PYD məsələsi aktuallaşacaq. Çünki İdlibdə müxalifəti zərərsiləşdirəndən sonra Əsəd və müttəfiqləri gözünü PKK/PYD-nin olduğu bölgələrə tikəcək. İlk növbədə də sünni ərəblərin yaşadığı Rakka, Deyr əz Zor və digər bölgələrə.

- Bu halda ABŞ özü birbaşa proseslərə cəlb olunacaq?
- ABŞ onsuz da proseslərə cəlb edilib. Yəqin ki, İdlib əməliyyatı günlərində biz ABŞ və onun müttəfiqlərinin hərəkətə keçəcəyini görəcəyik. Həm təxribatlar ola bilər, həm də bunun hansı tərəfdən gəlməsindən asılı olmayaraq, cavab reaksiyası adı altında hərbi əməliyyatlar keçirilə bilər.

- Bəşər Əsəd İdlibi götürsə və oradakı müxalifəti məhv etsə, bu, Suriya probleminin həll olunması və Əsədin ölkəyə tam nəzarəti təmin etməsi mənasını daşıyacaq?
- Düşünmürəm. Ehtimal odur ki, Suriyada dövlətlərin vəkilləri qismində çıxış edən qüvvələr sıradan çıxdıqdan sonra əsas oyunçuların maraqları birbaşa toqquşacaq. Bu, ən qorxulu ssenari ola bilər. Yəni hamının Suriyada bir həll gözlədiyi dövrdə Suriya böhranı daha təhlükəli mərhələyə keçə bilər.

- Hazırda İdlibdə silahlı müxalifətin konkret sayı bəllidirmi?
- Təxminən 70 minə qədər silahlı qüvvənin olduğu deyilir. Əslində müxtəlif mənbələr var, müxtəlif kəşfiyyat informasiyaları səsləndirilir. Bu rəqəmləri dəqiqləşdirmək lazımdır. Məsələn, 30 min rəqəmi HTŞ və onun rəhbərlik etdiyi koalisiya haqqında işlədilir. Bəzi mənbələr orada 50 min silahlının, bəziləri isə İdlibdə bütövlükdə 70 minə yaxın silahlının olduğunu bildirirlər.

- Bu əməliyyatla 50 min döyüşçünün tam məhv edilməsi inandırıcı deyil. Bu halda silahlı müxalifət İdlibdən hara doğru hərəkət edə bilər?
- Bu qüvvələr o qədər müxtəlifdir ki, hərəsi bir istiqamətə gedə bilər. Burada əsas məsələ Suriya vətəndaşı olan qüvvələrin ölkədə qalması və prosesə inteqrasiya olunmasıdır. Xaricdən gələn qüvvələr ya məhv ediləcək, ya da istədikləri istiqamətə gedəcəklər. Əgər danışıqlar baş tutarsa, onların başqa bir ölkəyə getməsinə icazə verilə bilər. Məsələn, Liviyaya, Əfqanıstana, Pakistana və ya Yəmənə. Mümkündür ki, xarici silahlılar öz ölkələrinə qayıtmaq istəsinlər. Məhz buna görə, Rusiya və İran kimi dövlətlər onları olduqları yerdə məhv etməyə çalışırlar ki, bu silahlılar geri qayıdıb öz ölkələrində problem yaratmasın.

- BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefen Mistura İdlib əməliyyatının qarşısını almaq məqsədilə tərəflərlə ciddi müzakirələr aparır. Sizcə, bu yolla əməliyyatın qarşısını almaq mümkündürmü?
- Yox, bu inandırıcı deyil. İdlibdə əməliyyat keçiriləcək. Ancaq əməliyyatın hansı miqyasda, hansı ərazilərdə olacağı və hansı istiqamətdə gedəcəyi, bu zaman ABŞ və İsrail kimi oyunçuların oyuna qoşulub-qoşulmayacağı yaxın günlərdə aydın olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər