6 Sentyabr 2018 13:41
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov sentyabrın 5-də Qətər Dövlətinin suveren fondu olan Qətər Sərmayə Qurumunun (QİA) biznesin inkişafı idarəsinin rəisi Şeyx Abdulaziz bin Ali Al-Tani ilə görüş keçirib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşün məqsədi ölkəmizlə Qətər Dövləti arasında iqtisadi əlaqələrin əsaslarından birini təşkil edən sərmayə sahəsində əməkdaşlığın təşviq edilməsi və Qətər sərmayəsinin ölkəmizə cəlb edilməsi üçün fikir mübadiləsi aparmaq olub.

Səfir R.İsmayılov Azərbaycanın sərmayə mühiti, iki ölkə arasında mövcud olan ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması kimi sazişlərin mövcudluğu, sərmayələrin qorunması ilə bağlı ölkədaxili qanunvericiliyin zənginliyi ilə bağlı qarşı tərəfə məlumat verib və qeyd edilən amillərin, eləcə də mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin xarici sərmayə üçün etibarlı əsas yaratdığını vurğulayıb.

Şeyx Abdulaziz ölkəmizə dəfələrlə səfər etdiyini, bir sıra dövlət və özəl qurumlarda görüşlər keçirdiyini, Qətər Dövlətinin xarici sərmayə siyasətində Azərbaycanın da yer aldığını qeyd edib. O, hazırda Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlıq etdiklərini və ölkəmizdə həyata keçirilən sərmayə layihələrinin QİA tərəfindən öyrənilməsinə maraq göstərdiyini bildirib.

Məlumat üçün bildirək ki, QİA aktivlərinə görə dünyanın ən iri suveren fondlarından biridir və aktivləri 400 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Hazırda bir çox Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada (təqribən 40 milyard ABŞ dolları), Almaniya və Fransada (hər birində təqribən 10 milyard ABŞ dolları) və digər ölkələrdə qurumun sərmayələri mövcuddur. “Volkswagen Group”, “Porsche”, “Hochtieft” (17 faizlik səhm), “Lagardère” (12 faiz) “Total” (4 faiz), “EADS” (6 faiz), “Technip”, “Air Liquide”, “Vinci SA” (5 faiz), “GDF”, “Suez”, “Veolia” (5 faiz), “Vivendi Royal”, “Monceau”, “France Telecom” və sair şirkətlərdə qurumun səhmləri mövcuddur.

Şirkət portfel sərmayələrlə yanaşı, birbaşa sərmayələrə də maraq göstərir.


Müəllif: Səxavət

Oxşar xəbərlər