Türkdilli dövlətlərin birliyi günün sifarişidir. Milli, dini, geosiyasi maraq zəminində türk dövlətlərinin birliyinə böyük ehtiyac var. Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti çox ciddi toplantıdır. Azərbaycanın boy sırasında xüsusi yeri var. Geosiyasi maraqlarda Azərbaycanın yerləşdiyi coğrafi mövqe həlledici rol oynayır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin iqtisadi qüdrəti münbit siyasi şəraitin olduğunu ifadə edir: “Azərbaycan bu göstəricilərdən çox uğurla istifadə edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlətlər eyni geosiyasi mövqedə yerləşir, türk millətinin nümayəndələridir, maraqları demək olar ki, toqquşmur. Yeganə toqquşan maraq Xəzər dənizinin dibi ilə bağlı idi, artıq Xəzərin hüquqi statusuna dair Konvensiya qəbul edildi. Hansı maraq indi onları bir-birindən ayrı sala bilər?
Əksinə, dünyada gedən siyasi proseslər onların daha sıx yaxınlaşmasına rəvac verir. Məhz bu və digər səbəblərdən türk dövlətləri bu birliyin yaradılması məsələsini gündəmə gətirib həll etdi, amma tam axıra çatmayıb, proses gedir”.
Deputat qeyd edib ki, dünyada siyasi proseslər çoxşaxəli, rəngarəng və ağlagəlməyən dərəcədə dəyişkən formada gedir. Onun fikrincə, beynəlxalq güc hüququ öz təsiri altına alıb və dünyanın güclü dövlətləri öz geosiyasi maraqlarını həyata keçirmək üçün dini, milli, siyasi vasitələrdən istifadə edərək hegemonluğunu sübut etməyə çalışırlar: “Çoxları ərəb dünyasında gedən prosesləri müsəlman qarşıdurması, səlib yürüşü kimi qiymətləndirir. Bu fikirlərdə müəyyən həqiqət olsa da, Rusiya xristian dövlətidir və Bəşər Əsədi müdafiə edir. Səudiyyə Ərəbistanı müsəlman dünyasının təmsilçidir, Rusiyanın əleyhinə ABŞ-la əməkdaşlıq edir. Burada artıq dini müstəvidə düşünmək mümkün olmur.
Eləcə də Ermənistan xristian, İransa müsəlman ölkəsidir. Keçən dövr ərzində gedən proseslərinin hər birinə nəzər saldıqda görürük ki, dini amil dünyada gedən siyasi proseslərdə həlledici olmayıb. Əsas geosiyasi maraqdır ki, dünyanın idarəçiliyində rol oynayır.
ABŞ siyasətində hansı milli maraq ola bilər? ABŞ-da milliyyət yoxdur, Amerika xalqı anlayışı var və dövlət geosiyasi maraqları vacib sayır, atdığı addımlarda ABŞ dövlətinin və xalqının maraqlarını təmin edir”.