8 Sentyabr 2018 00:58
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Xorvatiyaya səfəri başa çatdı. Bu səfər Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə ikitərəfli münasibətlər qurmaq siyasəti fonunda bu səfər əhəmiyyətli idi.

Sənədlərin imzalanması

Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Daha sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair Proqram”ı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikasının mədəniyyət naziri xanım Nina Obuljen Korzinek imzalayıblar. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət katibi xanım Mariya Vuçikoviç imzalayıblar.

Liderlərin çıxışı

Sonra hər iki ölkənin rəhbəri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır.

“Bizim siyasi dialoqumuz çox fəal aparılır... Strateji tərəfdaşlıq əlaqələrimiz genişlənir, güclənir...Bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olmuşdur. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng “Şahdəniz” yatağının işlənilməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir.

Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər. Əlbəttə ki, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir. Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanmışdır.

İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır”, - Azərbaycan lideri vurğulayıb.

Xanım prezident Kolinda Qrabar-Kitaroviç bəyan edib ki, Azərbaycan və Xorvatiya əsl dostdur: “Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. İqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir...

Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələri ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək.

n Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”.

Bakının Balkan açılımı

Liderlərin də vurğuladığı kimi ikitərəfli münasibətlər yüksək səviyyədədir. Lakin Prezident İlham Əliyevin Xorvatiyaya səfəri Balkanlara açılım kimi də dəyərləndirmək olar. Balkanlar dünyanın ən qarmaqarışıq, eyni zamanda, strateji bölgələrindəndir. Bu bölgədə əlaqələrə sahib olmaq Azərbaycanın xarici strategiyası baxımından mühümdür.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi” layihəsinin əsas hissəsi olan TANAP-ın açılışı keçirilib, hazırda TAP-ın tikintisi uğurla aparılır. Bakı gələcəkdə Balkanların da qaz bazarına girməyi planlaşdırır. Azərbaycan liderinin Xorvatiyaya səfəri də məhz bu kontekstdə diqqət çəkir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Prezident İlham Əliyevin Xorvatiyaya səfəri Azərbaycanın Avropanın aparıcı ölkələrindən biri ilə münasibətlərinin daha da inkişaf etdirilməsinin ifadəsidir.

“Xorvatiya ilə Azərbaycan arasında demək olar ki, bütün sahələrdə əməkdaşlıq mövcuddur. İki ölkə beynəlxalq platformalarda da bir-birini müdafiə edirlər. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, müdafiə edən ölkələrdən biridir. Prezident İlham Əliyevin Xorvatiya səfəri Avropada Azərbaycanın daha bir böyük dostunun olduğunu göstərdi. Bu səfərdən sonra iki dövlət arasında əlaqələrin daha da inkişaf edəcəyinə şübhə yoxdur. Xorvatiya-Azərbaycan münasibətləri bundan sonra da bütün istiqamətlər üzrə inkişaf edəcək”, - deyə A. Mirzəzadə vurğulayıb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər