Azərbaycan dövlət başçısının son iki həftə ərzində üç xarici ölkəyə səfər etməsi, əhəmiyyətli danışıqlar aparması və mühüm razılaşmalar imzalaması göstərir ki, Azərbaycan xarici siyasəti çevikdir, şaxələndirilib və fəallığı ilə seçilir.
Bu fikirləri politoloq Fikrət Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiya səfərlərinin nəticələrini şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, prezidentin səfər etdiyi bu üç ölkə mövqe və əhəmiyyətinə görə bir-birindən fərqlənir:
“Dövlət başçısının yürütdüyü xarici siyasətin prioriteti çoxşaxəlidir və müxtəlif istiqamətlərdə inkişaf edir. Bizim balanslaşdırılan çoxvektorlu xarici siyasətimiz bir sıra ölkə və regionlarla sıx bağlıdır.
Diqqət edin, dövlət başçısı Qırğızıstanda türkdilli dövlət başçılarının sammitində iştirak etdi. Bu sammitdə mühüm qərarlar qəbul olundu. Türkdilli dövlətlərin dünya siyasətində öz rolu və yeri var. Onlar inkişaf edir, xarici siyasətdə özlərinə məxsus addımlar atırlar. Azərbaycan bu platformada aparıcı dövlətdir.
Xorvatiyaya səfər isə olduqca əhəmiyyətli idi. Xorvatiya Balkan yarımadasında çox ciddi oyunçudur. Üstəlik, Avropa Birliyinin üzvüdür, NATO-da təmsil olunur. Xorvatiyanın bizə münasibəti müsbətdir. Azərbaycan liderinin apardığı siyasətin nəticəsi olaraq Xorvatiya bütün platformalarda Azərbaycanı dəstəkləyir.
Səfər zamanı bir neçə saziş imzalandı. Bura mədəniyyət, humanitar sahələr daxildir. Eləcə də Xorvatiya enerji layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıq fikrindədir.
Biz NATO üzvü olmasaq da, faktiki NATO və Avropa İttifaqına üzv dövlətlərlə yaxından əməkdaşlıq edirik. Ən mühümü bu əməkdaşlıq yüksək səviyyədədir. Prezidentin Xorvatiyaya səfəri bunu bir daha təsdiq edir. Demək olar ki, Xorvatiya Azərbaycanın strateji partniyoru halına gəlir.
Prezident Əliyev həmçinin Rusiyaya səfər etdi. Bu səfər indi də rus mediasında geniş müzakirə olunur. Rusiya ilə tarixi münasibətlərimiz var, bu ölkə bizim partniyorumuzdur. Eyni zamanda dünyada qlobal güc mərkəzlərindən biridir. Münasibətlərimiz inkişaf edir, tarixi əlaqələrimiz var, hazırda birgə layihələrimiz həyata keçirilir. Həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə əlaqələr ən yüksək həddədir.
Nəzərə alın ki, Rusiya Minsk qrupunun həmsədridir. Rusiya Qarabağ münaqişəsinə son qoyması baxımından imkanlara malikdir. Bizə bu lazımdır, bizi bu maraqlandırır.
Dövlət başçısının Rusiyaya sonuncu səfəri məhz bu amillə bağlı idi və mühüm məsələlər müzakirə edildi, 16 saziş imzalandı. Təsadüfi deyil ki, sentyabrın sonlarında Vladimir Putin Bakıya səfər edəcək. Soçi müzakirələrinin davamı Bakıda keçiriləcək.
Hesab edirəm ki, bütün bunlar Azərbaycanın xarici siyasətində aktivliyi nümayiş etdirdiyinin göstəricisidir”.