Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya çox əhəmiyyətli dövlət səfərini həyata keçirdi. Hesab edirəm ki, bu səfərin ölkəmiz üçün müsbət nəticələri yaxın gələcəkdə orada razılaşdırılmış istiqamətlər üzrə hiss olunacaq.
Azərbaycan prezidentinin xarici ölkələrə səfərlərini Teleqraf.com-a şərh edən millət vəkili Zahid Oruc belə deyib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri onilliklər ərzində inkişaf edərək, bu səviyyəyə gəlib çatıb: “Açıq formada etiraf etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Şimal qonşumuzla münasibətlərimizdə xarici təsirlər və daxildəki siyasi qarşıdurmalara görə, problemlər ortaya çıxmışdı. Bu problemləri ortadan qaldırmaq, yalnız bu iki dövlətin münasibətindən asılı deyildi, eləcə də tarixi amillər əsas götürülərək, burada xof və inamsızlıq da üstünlük təşkil edirdi. Bu, özünü dövlət orqanlarında iştirak edən insanlarda da hiss etdirirdi. Bu, siyasi qüvvələrin, beyin mərkəzlərinin, institutların mövqeyindən doğmurdu. Buna görə də xarici təsirləri də neytrallaşdırmaq lazım gəlirdi. Azərbaycanı Moskva ilə toqquşdurmaq cəhdləri qabarıq şəkildə özünü göstərirdi.
Hesab edirəm ki, 1 sentyabr səfərinin bu kimi problemlərin aradan qaldırılmasında faydası oldu. Artıq Azərbaycan Rusiyadan təhlükə gözləmir. Kreml də Azərbaycanda özünə qarşı cəbhə açılmayacağını bilir”.
Zahid Oruc Azərbaycan prezidentinin Qırğızıstana səfərindən də danışıb:
“Prezident İlham Əliyev sentyabrın 3-də türkdilli dövlət başçılarının Qırğız Respublikasında keçirilən görüşündə iştirak etdi. Vurğulamaq lazımdır ki, son altı əsr ərzində qitədə Rusiya və türk dövlətlərini toqquşdurmaq cəhdləri edilir. Bu baxımdan, bu səfərdə Azərbaycan liderinin regional əməkdaşlığın və normal münasibətlərin davam etdirilməsini stimullaşdıran çıxışlarının bu yaxınlaşmaya öz töhfəsini verəcəyini deyə bilərik. Artıq imperiya qurmuş bu iki millət – slavyanlar və türklər bir-birlərinin əleyhinə səngər qazmırlar, onların bir araya gəlməsi qorxu və narahatlıq yaratmır, onların strukturlaşmasına normal yanaşılır. Burada da İlham Əliyevin liderlik gücü və aparıcı mövqedə dayandığı hiss olunur. İlham Əliyevin türk dünyasındakı liderlik mövqeyi, regional əməkdaşlıqların inkişaf etdirilməsinə öz müsbət təsirlərini göstərir”.
Z.Oruc İlham Əliyevin Xorvatiya səfərinin də uğurlu olduğuna diqqət çəkib:
“Xorvatiya Avropa İttifaqı içində öz yerini tutan uğurlu ölkələrdən biridir. Xorvatiya keçmiş Sovet respublikalarının Avro-Atlantik məkanla əlaqələrində məsləhətçi rolundan çıxış edən dövlətdir. Azərbaycan prezidenti müttəfiqlərimizin sayını artırır. Xorvatiya həmişə beynəlxalq tribunalarda Azərbaycanın mövqeyini müdafiə edir və bu xətt davam edəcək.
Azərbaycan Qərb dövlətləri ilə münasibətlərinin inkişafı ona imkan verəcək ki, biz Qafqazın siyasətinin müəyyən edilməsində öz missiyamızı davam etdirək. Başqa sözlə, Azərbaycan çevik formada beynəlxalq proseslərə təsir göstərə bilir. Biz lokal bir məkanda məhəlli siyasət yürütmürük. Azərbaycan daha üst qatda dövlətlərarası münasibətlərin, xarici əlaqələrin subyektidir. Bu da ona imkan verir ki, ölkəmizin sosial-iqtisadi sahələrini dinamik şəkildə inkişaf etdirək”.