Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi sərt bəyanatlar daxili auditoriyaya hesablanıb.
Teleqraf.com xəbər verir ki, bunu deputat Fəzail İbrahimli deyib.
O, Paşinyanı və səsləndirdiyi fikirləri ciddi qəbul etmədiyini bildirib:
“Ümumiyyətlə, Paşinyanı çox müzakirə etmək lazım deyil. O, hansısa bir dönəm üçün Ermənistana rəhbərlik edəcək adamdır. Paşinyana nə lider demək olar, nə dahidir, nə də beynəlxalq münasibətlər sistemini, beynəlxalq hüququ bilir. Vaxtilə Ermənistanda radikalizmə meyl edən jurnalistlərdən biri olub. Niyə Paşinyan bu gün Ermənistanın rəhbəri ola bildi?
Serj Sərkisyan, Robert Köçəryan və əli qana batmış digərlərini - Qarabağ müsibətlərini törətmiş adamları, bu “kart” üzərində hakimiyyətə gəlmiş şəxsləri – Qarabağ ermənilərini hakimiyyətdən uzaqlaşdırmaq üçün xalq Paşinyanı dəstəklədi. Amma onun baxışında liderlik yoxdur. Ümumiyyətlə, Paşinyan kimdir, nəçidir, o nə işə görə bilər, nə deyə bilər, bu nə biabırçılıqdır?”
Fəzail İbrahimlinin sözlərinə görə, seçkilərə hazırlaşan Ermənistanın baş nazirinin əsas hədəfi öz postunda qalmaqdır:
“Paşinyanın Qarabağla bağlı və digər bəyanatlarının hamısı daxili auditoriyaya hesablanıb. Qabaqdan parlament seçkiləri gəlir. Əsas hədəfi də budur ki, yenidən seçilib baş nazir olsun. Bizdə də “Paşinyan bunu dedi”, “Paşinyan onu dedi”, nə bilim “Paşinyan bunu deyəcək” kimi sözlər deyirlər. Ümumiyyətlə, Paşinyanı çox şişirdirik. Bəyanatı da göstərir ki, ağzına nə gəldi danışa bilər. Buna görə də, onu ciddi qəbul etmirəm.
Yəqin ki, Paşinyan keçid dönəminin Vasili Şuyskisidir. O, Ermənistanın lideri deyil, keçid dövrünün epizodik varlığıdır. Buna görə də bəyanat-zad verir, guya dünyanı dağıdacaq”.