Bu günlərdə Rusiyada həbs olunmuş separatçı Fəxrəddin Abbaszadə və onun kimilərinin həbsi bir daha göstərdi ki, Azərbaycan dövlətinə qarşı xəyanət edənlər gec, ya da tez cəzalarını alacaqlar.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, F.Abbaszadə bir sıra erməni saytları üçün məqalələr yazırıb, Ermənistanda keçirilən toplantılara qatılıb:
“Azərbaycanda bloklanmış Voskanapat saytının rəhbəri Qrant Melik Şahnazaryan, hansı ki, Qarabağda vuruşmuşdu, sonradan sağalmaz dərdə mübtəla oldu və cəhənnəmə vasil oldu, bu separatçı ilə yaxın dost idilər. Bu xəyanətkarlar anlamır ki, talışlar, kürdlər, yəhudilər, ləzgilər Azərbaycanı öz ana vətəni kimi sevdiyi müddətcə Azərbaycan da onları sevir, onların doğma və əziz, əbədi və əzəli vətənidir. Türklər və adlarını sadaladığım bu xalqlar əsrlər boyu bir yerdə yaşayıb, qaynayıb-qarışıb. İkinci Dünya müharibəsi zamanı minlərlə dağıstanlı yəhudinin pasportlarında milliyyəti azərbaycanlı yazdırılıb və Azərbaycan onları Hitlerin soyqırımı təhlükəsindən xilas edib.
Sən əgər Bakı Dövlət Universiteti kimi nüfuzlu bir ali təhsil ocağında müəllim işləmisənsə, hansı haqla milli azlıqlara qarşı ayrı-seçkilikdən dəm vurursan?! Azərbaycanın müstəqilliyi uğrunda türklərlə yanaşı bu xalqların da igid övladları vuruşub, şəhid və əlil olublar. Prezident İlham Əliyevin Soçiyə səfərindən bir gün öncə ermənipərəst Rusiya saytlarında Azərbaycanda bir qrup şəxs tərəfindən keçirilən dəyirmi masanı Azərbaycan dövlətinin və xalqının Rusiyaya qarşı mövqeyi kimi qələmə vermək ara qarışdırmaqdan başqa heç nə ola bilməzdi”.
Azərbaycan prezidentinin Rusiya səfərinin uğurla baş tutduğunu deyən Nəzakət Məmmədova bildirib ki, bu səfərə mane olmaq istəyənlərin niyyətləri baş tutmadı:
“Avropada gizlənən bəzi separatçı xəyanətkarlara da dərs olsun ki, siyasi sığınacaq almaqla iş bitmir. Azərbaycanda ölüm hökmü 2001-ci ildən ləğv edilib. Deməli, onların həyatına heç bir təhlükə yoxdur. Uzağı, əməllərinə görə gəlib həbs cəzası çəkəcəklər.
Artıq Kataloniya hadisələrindən sonra Avropa da separatizmin təhlükəli olduğunu dərk etməyə başlayıb. Rusiya təhvil verdiyi kimi Avropa da günün birində Azərbaycandan müəyyən məsələlərdə asılılığı artdıqca onları təhvil verəcək. Avropa əsrlərlə istismar etdiyi müstəmləkələrdən, milyonlarla kvadrat kilometr torpaqlardan imtina etməyə məcbur olub, sığınacaq verdiyi xəyanətkarlardan imtina niyə çətin olsun? Böyük dövlətlərin böyük maraqları var, insan haqları və s. isə hamısı bu maraqlar üçün istifadə olunan örtükdür. Maraqlar tələb edəndə separatçılar, xəyanətkarları da veriləcəklər. Necə ki, Rusiya bunu etdi. Çünki onlar Rusiyada gizlənmiş erməni agentləri idilər. Xəyanətkar Ermənistanın xəyanətkar agentləri isə artıq Rusiyaya lazım deyil”.