Nikol Paşinyan hakimiyyətə gələndə deyirdi ki, Qarabağ məsələsinə qarışmıram, indi də Qarabağı Ermənistana birləşdirmək istəyir. Onun ağlı kəsmirmi, Qarabağın sahibi, onun əzəli sakinləri var, bu gün Azərbaycan ordusu onu işğaldan azad etməyə hazırdır. Ermənistanın baş nazirinin sərsəm fikirləri beynəlxalqa hüquqa ziddir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayan Bayram Səfərov qeyd edib ki, Azərbaycan prezidenti münaqişənin sülh yolu ilə həllini istəyir: “Camaat da sülhün tərəfdarıdır, sülh olmayacaqsa, məsələmizi silah gücünə həll edib torpaqlarımızı geri qaytarıb orada yaşamalıyıq. Paşinyan beynəlxalq qanunlara tabe olmaq istəmədiyini nümayiş etdirir. Əslində bu, seçkiqabağı növbəti oyunlardır, bədbəxt ermənilərin başına oyun açır, aldadıcı hərəkətlər edirlər. Hələ bilmək olmaz ki, parlament seçkilərindən sonra Paşinyanın başına nə gələcək, hakimiyyətdə qalacaqmı? Əvvəlcə komandasını düzəltsin, ondan sonra Qarabağ tərəfə üzünü döndərib baxa bilsin”.
Bayram Səfərovun sözlərinə görə, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında Ermənistan durur: “Paşinyanın Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalı olduğunu söyləməsi absurddur. Ermənistan ifşa olunub, onun iç üzünü hamı tanıyır. Paşinyan bu sözləri ilə danışıqlara zərbə vurur. Ermənistan qonşuluq şəraitində yaşamaq, kasıb ermənilərin dolanmasını istəyirsə, belə yanaşmadan əl çəkməlidir. Onlar Azərbaycanın icra etdiyi və qoşulduğu bütün layihələrdən kənarda qalıb, mühüm proyektlərdən tamamilə təcrid olunub. Dünya ölkələrinin əksəriyyəti Azərbaycanla iş qurmaq arzusundadır”.