Ermənistan bütün zamanlarda Rusiya üçün geosiyasi və strateji əhəmiyyət daşıyıb. Bu, indi də belədir.
Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfərini Teleqraf.com-a şərh edən politoloq Natiq Miri belə deyib.
Onun sözlərinə görə, Ermənistan vaxtilə cırtdan dövlət kimi iki türk respublikası arasında təsadüfən yaradılmayıb:
“Ermənistanın Türkiyə sərhədləri yaxınlığında və tarixi Azərbaycan ərazilərində yaradılması Rusiya üçün geosiyasi əhəmiyyət daşıyır. Bu faktı gözardı etmək lazım deyil. Buna görə də, Rusiyanın yaratdığı bir dövlətin onun orbitindən çıxaraq, Qərbə meyillənəcəyini düşünənlər yanılırlar.
Buna görə də, Vladimir Putin növbəti dəfə İrəvana səfər etməklə həm Ermənistan rəhbərliyinə və ictimaiyyətinə, həm də ABŞ başda olmaqla Qərbə mesaj verəcək ki, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq asan məsələ deyil. Rusiya heç vaxt öz geosiyasi maraqlarından imtina etmək niyyətində deyil. Buna görə də, Putinin Ermənistan səfərini geosiyasi mesaj kimi də başa düşmək lazımdır”.