İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana növbəti səfəri yüksək qiymətləndirilməlidir. Beynəlxalq terrorun zərbələrinə məruz qalan İsrail və Azərbaycan təhlükəsizlik sahəsində sıx əlaqəyə malikdir. Hərbi sənaye sahəsində iş birliyi Azərbaycan Silahlı Qüvvələrinin müasir silahlarla təmin etməkdə böyük amildir. İnanıram ki, Aviqdor Libermanın ölkəmizə səfəri ilə bu istiqamətdə olan əməkdaşlığımız daha da genişlənəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Müdafiə naziri ilə yanaşı İsrailin baş nazirinin, prezidentinin dəfələrlə ölkəmizə səfər etdiyini xatırladan deputat vurğulayıb ki, Azərbaycanın yüksək hökumət nümayəndələri də öz növbəsində İsraildə səfərdə olublar: “Ölkələrimiz arasında iqtisadi, enerji, humanitar, mədəni sahələrdə əməkdaşlıq mövcuddur. Min illərlə Azərbaycanda qardaşlıq mühitində yaşayan yəhudilərin azərbaycanlılarla çox müsbət münasibətləri var. Tarixi köklər Azərbaycanla İsrail dövlətini yaxınlaşdırır”.
Asim Mollazadənin sözlərinə görə, İsrail beynəlxalq münasibətlərdə də Azərbaycana mühüm dəstək verir: “Azərbaycanda uzun əsrlər boyu multikulturalizm ənənələri, fərqli dinlərin, mədəniyyətlərin əməkdaşlıq mühiti var. Dünyada fəaliyyət göstərən bir sıra yəhudi təşkilatları Azərbaycana qarşı aparılan informasiya müharibəsində dəstəkləyir, erməni yalanlarını ifşa edir. Azərbaycan dünyada baş qaldıran anti-semitizmə qarşı hər zaman öz etirazını bildirir. Hesab edirəm ki, yəhudi və Azərbaycan xalqlarının istəyi ilə dövlətlərin münasibəti üst-üstə düşür”.