18 Sentyabr 2018 14:57
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər bu ölkənin bölgədə olan maraqlarından irəli gəlir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri bir millət-iki dövlət prinsipləri üzərində qurulub:

“Ərdoğan Bakıda olarkən bildirdi ki, Türkiyədə sonadək Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanında olacaq və bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün əlindən gələni əsirgəməyəcək. Bu, Türkiyənin konkret mövqedə dayandığını göstərir. Digər yandan, dünən Türkiyə və Rusiya prezidentləri arasında keçirilmiş görüşdən sonra da o ehtimal gündəmə gəldi ki, Qarabağ məsələsi Bakı-Ankara-Moskva müstəvisində həll edilə bilər. Nəzərə alsaq ki, son zamanlar Ermənistan və Rusiya arasında ciddi problemlər yaşanır, bu da Azərbaycan diplomatiyasına öz manevr imkanlarını genişləndirmək fürsəti verir.

Düşünürəm ki, Qarabağ münaqişəsi ortaya çıxan gündən Azərbaycanın yanında olan Türkiyə bundan sonra məsələnin ərazi bütövlüyümüz çərçivəsində həll edilməsi səylərini davam etdirəcək. Rusiya və Türkiyə arasındakı isti münasibətlər Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ehtimallarını artırır”.

Elşən Manafov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formulunun olduğunu istisna etməyib:

“Nəzərə almaq lazımdır ki, Türkiyə ATƏT-in Minsk qrupunda təmsil olunan 11 dövlətdən biridir. Buna görə də, Türkiyənin Qarabağ münaqişəsinin həlli ilə bağlı özünün mövqeyi var. Kəlbəcərin işğal edilməsindən sonra Türkiyənin Ermənistanla sərhədləri bağlaması, bu ölkənin blokadaya alınması baxımından ciddi əhəmiyyət kəsb etdi. Bu da rəsmi Ankaranın problemin həlli ilə bağlı ortaya qoyduğu əsas prinsipdir. Digər yandan, beynəlxalq təşkilatlar da bu məsələdə Azərbaycan və Türkiyənin haqlı mövqeyini dəstəkləyirlər.

Güman edirəm ki, regional təhlükəsizliklə bağlı Türkiyənin özünün formulu olmamış deyil. Qənaətimə görə, Suriya böhranı başa çatandan sonra Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində aktiv siyasi fəaliyyət həyata keçirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər