18 Sentyabr 2018 23:30
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər hələ də “Böyük Ermənistan” xülyası ilə yaşayırlar. Həmişə bu qondarma ideya ilə tərbiyə olunublar.

Bunu Teleqraf.com-a millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, “Böyük Ermənistan” qurmaq xülyasından ayılmaq istəməyən ermənilər zaman-zaman işğal etdikləri Azərbaycan ərazilərini geri qaytarmayacaqlarını bəyan edirlər:

“Ermənistan rəhbərliyinin də xalqın bu istəyinə qarşı çıxmaq imkanı yoxdur. Digər yandan, Ermənistan yenə də ağasına güvənir. Minsk qrupunda təmsil olunan dövlətlərin Ermənistana təsir imkanları genişdir. Buna görə də xristian təəssübkeşliyindən istifadə edən Ermənistanın rəhbərliyi Azərbaycana qarşı səsləndirdiyi sərt bəyanatların cəzasız qalacağını bilir.

Başqa bir tərəfdən isə Ermənistanın Baş naziri Nikol Paşinyan xarizmatik lider deyil.

Ermənistanda çoxhakimiyyətlilik var. Prezidentin ayrı, baş nazirin ayrı, parlamentdə təmsil olunan siyasi qüvvələrin də ayrı komandaları mövcuddur. Həmin qüvvələr öz mövqelərini gücləndirmək uğrunda mübarizə aparırlar. Paşinyan isə daha çox arxasında dayanan kiçik kütləyə arxalanır, çünki onun siyasi elitada dayağı çox zəifdir”.

Tahir Kərimli qeyd edib ki, Minsk qrupuna həmsədrlik edənlər sözdə Azərbaycanın bütövlüyünü dəstəkləsələr də, Azərbaycana öz ərazilərini azad etməyə imkan vermək istəmirlər:

“Bu vəziyyətdə Azərbaycan yaxşı taktika seçib, yavaş-yavaş öz ərazilərini işğaldan azad edir. Aprel savaşı və Naxçıvan istiqamətində döyüşlər də bunu göstərdi. İndi iri miqyaslı təlimlər başlanıb. Belə təlimlər gələcəkdə də keçiriləcək. Şübhəsiz ki, nə vaxtsa Azərbaycan öz ərazilərini hərbi güclə işğaldan azad etmək məcburiyyətində qalacaq. Çünki ermənilər sülh danışıqlarına hazır deyillər və sülh istəmirlər. Yəni, indi məsələnin danışıqları yolu ilə həlli mümkünsüz kimi görünür.

Bu vəziyyətdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Artıq addım-addım buna gedilir. Digər yandan Rusiyanın Türkiyə ilə son dönəm münasibətləri də o ehtimalı yaradır ki, Moskva bu məsələdə mümkün qədər bitərəf qalsın. Yəni, lokal döyüşlərlə və diplomatik vasitələrlə Ermənistanı işğal olunan ərazilərdən çıxarmaq mümkün olacaq.

Təkcə diplomatik yox, digər addımları da atmaq lazımdır. Başqa sözlə, bütün məsuliyyət Ermənistan və Nikol Paşinyanın üzərindədir. Hesab edirəm ki, Azərbaycan öz ərazilərini hərbi güc yolu ilə qaytaracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər