“Paşinyan Qərbə yaxınlaşsa, o zaman yumşalacaq, Qarabağ məsələsinin həlli asanlaşacaq. Bu halda həm Rusiya Ermənistanın arxasından qaçacaq, həm də Qərb Paşinyandan bu məsələnin həllini tələb edəcək. Ermənistanın avropalaşması və demokratikləşməsi Qarabağ münaqişəsinin həlli baxımından, Azərbaycan üçün sərfəlidir”.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Türkiyə və Rusiya prezidentləri arasında keçirilmiş görüş Suriya böhranının həll prosesinə hansı formada təsir edəcək? Tərəflər arasında konkret məsələlər üzrə anlaşma da var.
- İndidən bu görüşün hansı nəticə verəcəyini demək çətindir. Hazırda tərəflər arasında əsas müzakirə mövzusu İdlib bölgəsi ilə bağlıdır. İdlibdə maraqları toqquşan Rusiya və Türkiyə fikir ayrılıqlarını aradan qaldırmaq istəyirlər. Buna görə də məsələnin həlli istiqamətində bir sıra planların irəli sürüləcəyini düşünürəm. Çalışacaqlar ki, nə şiş, nə də kabab yansın.
Türkiyə çalışır ki, İdlibi müstəqil saxlasın. Çünki İdlibə nəzarəti Bəşər Əsədə qarşı döyüşən silahlı müxalifətin hərbi hissələri həyata keçirir. Buna görə də Ərdoğan bölgənin həmin qüvvələrin nəzarətində saxlamağa çalışır. Mümkündür ki, Ərdoğan tək deyil. Qərbin bütün qüvvələri – diplomatiyası, təbliğat vasitələri və ehtimal ki, hərbi gücləri də İdlibin müxaliflərin nəzarətində qalmasına çalışırlar.
İndən sonra əsas danışıqlar da bu istiqamətdə gedəcək. Yəni, Rusiyanın İdlibə girməsinin, qan tökülməsinin qarşısını almağa, yaxud oradakı müxalif qüvvələrin qalmasına, ya da itki vermədən çıxarmasına səy göstərəcəklər.
- Bəs Rusiyanın İdlibə girməsi ehtimalı varmı?
- Rusiyanın bölgəyə girməsi ehtimalı yüksəkdir. Rusiya İdlibə girməyə çox yaxındır. Rusiyanın dəstəklədiyi Bəşər Əsəd qüvvələrinin bir hissəsi artıq bu bölgədədir. Onlar da müharibədən qorxmurlar, amma Qərb müharibədən çəkinir. Qərb nə öz hərbçilərinin, nə də dinc əhalinin öldürülməsini istəmir. Buna görə də hələlik uzaqdan bəyanatlar verirlər. Qərb nə qan tökmək, nə də qan vermək istəmir. Amma Rusiya istəyir.
Rusiyanın Suriyada müharibə aparmaq üçün böyük imkanları var. Bəşər Əsəd qüvvələri istənilən vaxt əməliyyatlara başlaya bilər. Bu halda Rusiya onlara havadan dəstək verəcək. İdlibi tamamilə dağıdıb toza çevirə bilərlər.
- Rusiyanın İdlibə girməsi geniş miqyasda daha hansı nəticələrə yol aça bilər? Məsələn, bu halda Rusiya hansı qüvvələrlə üz-üzə gələ bilər?
- Rusiyanın atacağı bu addım, tərəflər arasında düşmən münasibətləri daha da kəskinləşdirəcək. Bu halda, Rusiya Türkiyə və Qərblə üz-üzə gələcək. Çünki nə Qərb, nə də Türkiyə Suriyanı itirmək istəmir. Buna görə də Suriyada maraqlarını təmin etmək üçün bütün vasitələrlə Bəşər Əsədi hakimiyyətdən getməyə, yaxud onu aradan götürməyə cəhd edirlər.
Rusiyanın bu addımına cavab olaraq, İsrailin də prosesə qarışması ehtimalı yüksəkdir. İsrail Əsədlə yanaşı, Rusiyanın da mövqelərinə qarşı raket zərbələri endirə bilər. Bəlkə də İsrail bir-iki qırıcısını vurduqdan sonra Rusiya dayanacaq. Bu, mümkündür. Rusiyanın bir-iki bahalı qırıcısını vurub sıradan çıxarsalar, bəlkə də ağlı başına gələcək. Bunu İsrail də, ABŞ-ın Aralıq dənizindəki hərbi qüvvələri də edə bilər.
– Ayın 18-də Rusiyanın Suriyada bir qırıcısı vuruldu. Məsuliyyət Bəşər Əsədin üstündə qaldı, lakin sonradan o ehtimal irəli sürüldü ki, təyyarə İsrail tərəfindən vurulub. Sizcə bu, İsrail və Rusiya arasında gərginliyə səbəb olacaqmı və bu vəziyyət Moskvaya nə vəd edir?
- İsrail və Rusiya arasında buna qədər də Suriya məsələsində gərginlik vardı. Amma bu məsələnin tərəflər arasındakı gərginliyi artıracağını istisna etmirəm. Düzdür, ruslar Qüdsü bombalamayacaqlar, amma gərginlik artacaq. Digər yandan, İsrail təkbaşına deyil. Yəni, ABŞ və digər müttəfiqləri imkan verməzlər ki, Rusiya İsrailə bomba atsın.
Kiçik bir qarşıdurma ola bilər. Yaxud, Rusiya bunun əvəzini İsrailin bir qırıcısını vurmaqla çıxa bilər. Gərginliyi aradan qaldırmaq üçün İsrailin üzr istəməsi də mümkündür.
Lakin bununla bağlı gələn xəbərlər ziddiyyətlidir. Gah deyirlər ki, Bəşər Əsəd qüvvələri səhvən vurub, gah da deyirlər ki, İsrail vurub. Məsələni tam bilmək üçün təhqiqat aparılmalıdır. Hesab edirəm ki, bu qırıcının kim tərəfindən vurulmasını bilmək asandır. Qırıcını vuran raketin qalıqları araşdırılacaq, digər yandan, bu ərazi peykdən izlənilir, radarlar işləyir. Yəni, bir neçə günə hər şey aydın olacaq.
- Hesab etmək olarmı ki, Rusiya və İsrailin üz-üzə gəlməməsi üçün məsuliyyət Bəşər Əsədin üzərində qalsın?
- Bu da mümkündür.
- Hikmət bəy, Ermənistanda gedən proseslər haqda nə düşünürsünüz? Baş nazir Nikol Paşinyan “Qarabağ klanı”na – keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyana qarşı açıq hücuma keçib. Bu hücumun ehtimal edilən nəticələri nələr ola bilər?
- Bu, vətəndaş qarşıdurması yarada bilər. Bu, mümkündür. Lakin bu, vətəndaş müharibəsi səviyyəsində olmaya da bilər. Əslində “Qarabağ klanı”, yaxud Köçəryan və Sərkisyan güclü deyil, amma onların arxasında Rusiya dayanır. Rusiya onları sonadək dəstəkləyəcək. Digər yandan, Rusiyanın Ermənistanda adamları çoxdur. Hərbi, iqtisadi, siyasi, media, QHT sektoru və digər sahələrdə Rusiyanın kifayət qədər güclü şəbəkəsi var. Buna görə də Ermənistan üçün vətəndaş qarşıdurması təhlükəsi realdır.
Əgər Paşinyan Rusiya ilə strateji razılığa gəlməsə, yəni Avropa İttifaqı ilə yaxınlaşma prosesini dayandırmasa, Ermənistan bu təhlükədən qaça bilməyəcək. Buna görə də Paşinyan Rusiyanı qucaqlamalıdır. Əgər bu razılıq olmasa, o zaman Köçəryanın klanını gücləndirəcəklər, bunun da ciddi fəsadları ola bilər. Ola bilsin ki, vətəndaş qarşıdurması ilə yanaşı, çevrilşə də cəhd edilsin. Bu da Ermənistanda aranı qarışdıracaq.
- Son nəticədə Paşinyan yaranmış təhlükədən sığortalanmaq üçün Moskvanın iradəsinə tabe ola bilərmi?
- Əlbəttə, Paşinyanın son anda Moskvaya boyun əyməsi mümkündür. Ermənistan Rusiyanın təzyiqlərinə tab gətirə bilməz. Əgər Qərb dəstəkləməsə, Paşinyan axırda Moskvaya təslim olmaq məcburiyyətində qalacaq. Qərb isə hələlik heç nə etmir, uzaqdan bəyanatlar verir, hansısa formada nümayəndələr göndərir. Ona görə də Paşinyanın vəziyyəti o qədər də yaxşı deyil.
Buna görə də Paşinyan Moskvaya gedəndə Putinə yalvardı ki, biz dostuq, qardaşıq, bu həmişə belə olacaq, biz sizdən silah alacağıq və sair. Paşinyan Moskvada bunların hamısını dedi. Digər yandan isə Paşinyan Avropaya inteqrasiyaya yönəlik addımlar atır. Amma Putinə ona deyəcək ki, ya o tərəfə get, ya bu tərəfə gəl. Lakin Ermənistanın təkbaşına Rusiya ilə mübarizə aparmağa gücü yoxdur. Buna görə də mümkündür ki, Paşinyan Qərbə yaxınlaşmaq planlarını dayandırsın. Ya da bu addımlarını kiçildəcək. Qərb də Ermənistanı özünə birləşdirmək istəyir, amma Ermənistan üçün vuruşmaq istəmir. Yəni, necə ki vaxtilə Saakaşvili tək qaldı, Paşinyan da belə tək qalacaq. Saakaşvili də o vaxt radikal formada Qərbə inteqrasiya xətti seçmişdi, amma bu, son nəticədə Gürcüstan ərazilərinin işğalına gətirib çıxardı.
- Qərb niyə dəstək vermək istəmir?
- Çünki gücü yoxdur. Ermənistandan çox uzaqdadır. Buna görə də vuruşmaq istəmirlər, “kefkomdurlar”, onlarda hər şey yaxşıdır. “Mersedes” sürürlər, istədikləri kimi yaşayırlar, nəyinə lazımdır? Qərbin adamı Ermənistana, yaxud başqasına görə ölmək istəmir. Həm də bura böyük güc sərf etmək lazımdır. Gürcüstan heç olmasa, Qara dənizin yanındadır, oradan gəmi göndərmək olar. Bəs Ermənistana hansı yolla kömək etsinlər?
- Bəs Paşinyanın öz hakimiyyətini qoruyub saxlaması Dağlıq Qarabağ münaqişəsi üçün nə vəd edir? Sərkisyan və Köçəryanla müqayisədə onunla dil tapmaq mümkündürmü?
- Paşinyanın hakimiyyətdə möhkəmlənməsi iki formada ola bilər. Əgər Paşinyan Rusiya vasitəsilə möhkəmlənsə, bu, Azərbaycana sərf etmir. Yəni, bu münaqişəni olduğu nöqtədə saxlayacaq. Amma Paşinyan Qərbə yaxınlaşsa, o zaman yumşalacaq, Qarabağ məsələsinin həlli asanlaşacaq. Bu halda həm Rusiya Ermənistanın arxasından qaçacaq, həm də Qərb Paşinyandan bu məsələnin həllini tələb edəcək. Ermənistanın avropalaşması və demokratikləşməsi Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycan üçün sərfəlidir.