24 Sentyabr 2018 19:37
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doqquzuncu ayının son günlərini yaşadığımız 2018-ci il Azərbaycan xalqının və dövlətinin taleyində bir sıra əlamətdar hadisələrlə zəngin oldu. Məhz bu il biz xalq və dövlət olaraq mühüm tarixi günlərin yüzüncü ildönümünə şahidlik etdik. Mart ayında bolşeviklərin və erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımının, mayda təkcə müsəlman Şərqində deyil, bütün Yaxın və Uzaq Şərqdə ilk demokratik respublikanın, iyunda Azərbaycan Milli Ordusunun yaradılmasının, il ərzində üçrəngli, ay-ulduzlu bayrağımızın, həmçinin, digər dövlət atributlarının təsis edilməsinin 100-cü ildönümü tamam oldu. Sentyabrda isə Bakının Azərbaycan Milli Ordusu, Qafqaz İslam Ordusu və könüllülər tərəfindən işğalçılardan azad edilməsi gününün bir əsrlik təntənəsini yaşadıq.

Bu il daha bir mühüm hadisənin 100-cü ildönümü tamam olur. Söhbət yenə də nəhəng coğrafiyada, olduqca mürəkkəb tarixi şəraitdə o dövrün ən demokratik prinsipləri əsasında parlamentin yaradılmasından gedir. Ümumiyyətlə, hökumətlə səlahiyyətlərin qanunverici orqan arasında şaquli bölünməsini təsbit edən parlamentin formalaşdırılması bəşər övladının indiyədək yaratdığı ən mükəmməl idarəçilik forması olaraq qalmaqdadır.

Prezidentdən əhəmiyyətli ümumiləşdirmələr

Sentyabrın 21-də Milli Məclisdə bu əlamətdar tarixi hadisə – Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirildi. İclasda çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı təmin edildi. Prezident İlham Əliyev təntənəli iclasda çıxış edərək, Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublika yaratdığını və bununla haqlı olaraq fəxr etdiyini bildirdi. Dövlət başçısı Xalq Cümhuriyyətinin qısa zamanda gördüyü işləri sadaladı, parlamentin qəbul etdiyi qanunlardan bəhs etdi. Prezident bu gün Azərbaycan xalqı və dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı.

Prezident çıxışı zamanı gələn il baş tutacaq bir tədbirin anonsunu da verdi. Dövlət başçısı bildirdi ki, gələn il biz Bakı Dövlət Universitetinin 100 illiyini qeyd edəcəyik.

Dövlət başçısı təəssüf hissi ilə bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, süqut etdi və Azərbaycan dövlət müstəqilliyini itirdi. “Bu, onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir”, – deyən Prezident Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı.
Prezident 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu, bunun tarixi şans, tarixi xoşbəxtlik olduğunu vurğuladı.

25 il öncə həmin bu parlamentdə…

Həqiqətən də, ölkənin həmin dövrdə düşdüyü ağır iqtisadi-siyasi böhran vəziyyəti xalqın çox böyük əksəriyyətinin yadındadır. Əgər həmin dövrdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasa idi, ölkəni hansı fəlakətli aqibətin gözlədiyini təsəvvür etmək çətin olmazdı. Azərbaycan uçurumun astanasında, dövlətin varlığı sual altında idi. Belə bir məqamda Prezidentin də dediyi kimi xalqımız müdriklik göstərərək, yeganə düzgün addım atır və Naxçıvanda yaşayıb fəaliyyət göstərən Heydər Əliyevi Bakıya dəvət edir. Məhz 25 il bundan öncə – 1993-cü ilin yayında bu gün parlamentin 100 illiyinə dair təntənəli tədbirlərin keçirildiyi salonda gərgin iclaslar keçirilir. İyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi ilə sonrakı uğurlarımızın əsası qoyulur.

Prezidentin nitqində Azərbaycan parlamentinin fəaliyyəti ilə bağlı məsələlər də yer almışdı. Dövlət başçısı bugünki inkişafımızda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etdi. Prezident Azərbaycan parlamentinin həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirdiyini, sürətli inkişafını təmin etdiyini, bu inkişafa öz töhfəsini verdiyini vurğuladı. Doğrudan da, ali qanunverici orqanın fəaliyyəti diqqətçəkicidir. Müdafiə siyasətindən son illərdə keçid aldığımız aktiv hücum siyasətimizdə parlament diplomatiyası önəmli rol oynayır. Azərbaycan deputatları ölkəmizi beynəlxalq təşkilatlarda uğurla təmsil edir, Azərbaycan əleyhinə olan hansısa layihələrin qəbulunun qarşısını uğurla alırlar. Dövlətimizin başçısı da əmin olduğunu bildirdi ki, Azərbaycan parlamenti bundan sonra da həm ölkə daxilində gedən proseslərin sürətləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə öz müsbət töhfəsini verəcək.

Qarabağ məsələsi bu dəfə də istisnalıq təşkil etmədi

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ dövlət başçısının çıxışında bu dəfə də mühüm yer tutdu. Prezident münaqişə ilə bağlı real mənzərəni Azərbaycan xalqının və parlamentdəki xarici qonaqların diqqətinə çatdırdı. Ölkə başçısı Ermənistanın yeni rəhbərliyinin bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməli olduğunu vurğuladı. Əlavə etdi ki, bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Prezident Azərbaycanın öz prinsipial mövqeyindən geri dönməyəcəyini ali kürsüdən bir daha bəyan etdi.

Diqqət çəkən məqamlardan biri də Ermənistanda yaranmaqda olan yeni diktatura rejiminin atdığı addımlara insan hüquq və azadlıqlarını qorumağı başlıca məqsədi elan etmiş beynəlxalq təşkilatların seyrçi qalması ilə bağlı oldu. “Eyni zamanda, beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir? Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular”, – deyən ölkə başçısının çıxışından həmin beynəlxalq təşkilatlar özləri üçün nəticə çıxarmalıdırlar.

Xalq-iqtidar birliyi uğurların təməlidir

Ölkədəki iqtisadi inkişafla bağlı fikirlərini açıqlayan prezident çox haqlı olaraq bu uğurların yorulmaz fəaliyyət nəticəsində, xalq-iqtidar birliyi sayəsində mümkün olduğunu açıqladı. “Ona görə bizim iqtisadi inkişafla bağlı fikirlərimiz çox ümidvericidir və çox müsbətdir”, – deyən prezidentin bu sözləri hər bir Azərbaycan vətəndaşında gələcəyə aydın baxış formalaşdırır.

Yaxın xaricdə yaşanan xaos və anarxiyanın sərhədlərimizə yaxınlaşmaması üçün...

Prezidentin çıxışında bir məqam da diqqəti xüsusi cəlb edir. Dövət başçısı qeyd etdi ki, xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb:

“Xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Mən bunu dəfələrlə demişəm. Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk”.

Bəli, uğurlu xarici siyasət bu gün Azərbaycanda mövcud olan sabitliyin, əmin-amanlığın rəhnlərindən biridir. Azərbaycana vaxtaşırı müxtəlif ölkələr tərəfindən müxtəlif təkliflər edilməsinə baxmayaraq o, balanslı siyasətini qoruyur, heç bir avantürada, o cümlədən hərbi avantürada iştirak etmir. Yaxın xaricdə yaşanan xaos və anarxiyanın sərhədlərimizə yaxınlaşmaması üçün var qüvvəsini səfərbər edir. Bütün bunlar isə müdrik xalqımız tərəfindən yüksək qiymətləndirilir. Cümhuriyyətimizin 100-cü ildönümü ərəfəsində – aprelin 11-də İlham Əliyevin səsvermə hüququ olan insanların 3 397 664 nəfərinin, yaxud 86,03 faizinin səsini qazanaraq yenidən ölkə prezidenti seçilməsi buna parlaq nümunədir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər