25 Sentyabr 2018 20:30
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açığı, mən bu görüşdən heç bir nəticə gözləmirəm.

Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazov deyib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında sentyabrın 26-da BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda keçiriləcək görüşlə bağlı gözləntilərini bölüşən E.Namazov qeyd edib ki, Ermənistanın yeni hakimiyyəti çətin durumdadır:

“Ölkə daxilində böhran davam edir. Nikol Paşinyan hakimiyyətə hələ tam yiyələnməyib. Növbədənkənar parlament seçkiləri keçirilməyənədək Ermənistanda qeyri-müəyyənlik və qeyri-sabitlik hökm sürəcək. Belə bir durumda Paşinyan ictimaiyyətin diqqətini başqa mövzulara yönəltmək siyasəti yürüdür. O, cəmiyyəti daim təzyiq altında saxlamağa, ictimai rəyi öz xeyrinə mobilizasiya etməyə ilkin mərhələdə öz siyasi rəqiblərinin həbsi, onlar üzərində qurulan məhkəmə prosesləri ilə çalışırdı. Yəni, 1 mart 2008-ci il hadisələri, korrupsiya cinayətlərinə dair məhkəmə proseslərinin keçirilməsi yolu ilə ictimaiyyətin diqqətini yayındırmaq və vaxt udmaq istəyirdi. Ona görə də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Yuri Xaçaturov həbs edilmişdi. Ancaq sonra Rusiya bu həbslərə çox kəskin reaksiya verdi və Paşinyan həbs edilən adamları azad etməyə məcbur oldu. Bundan sonra artıq Paşinyanın əlində ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün yalnız “Qarabağ kartı” qaldı və bundan istifadə etməyə başladı. O, hazırda Robert Köçəryandan da, Serj Sərkisyandan da sərt bəyanatlarla çıxış edir. Paşinyanın Qarabağ məsələsində əsas mesajı ondan ibarət oldu ki, Qarabağın ətrafında işğal olunmuş 7 rayon artıq Dağlıq Qarabağın tərkib hissəsidir. Guya qondarma Dağlıq Qarabağ Respublikası öz “konstitusiyasında” həmin 7 rayonu öz ərazisinə daxil edib. Paşinyan bunu bir fakt kimi ortaya qoyur. Əlavə edir ki, Dağlıq Qarabağın gələcək taleyi Ermənistanın tərkibinə daxil olmaqdadır. Yalnız bunun yollarını müəyyənləşdirmək lazımdır. Yəni, Dağlıq Qarabağ həmin 7 rayonla birgə hansı yolla Ermənistanın tərkibinə daxil olacaq”.

E.Namazovun sözlərinə görə, təbii ki, bu bəyanatları verən adamla hər hansı danışıq aparmaq və bu danışıqlarda hansısa kompromis tapılacağına ümid etmək çox böyük sadəlövhlük olardı:

“Paşinyan faktiki olaraq bütün dünyaya sübut edir ki, Azərbaycanın müharibə etməkdən başqa yolu qalmayıb. Ona görə də şəxsən mən hesab edirəm ki, belə bir şəraitdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün keçirilməsinin heç bir mənası yoxdur. Bu görüşdən daha çox erməni tərəfi qazanmağa çalışacaq. Ermənistanın xarici işlər naziri çalışacaq ki, Paşinyanın verdiyi bu sərsəm bəyanatların beynəlxalq ictimaiyyətə mənfi təsirini aradan qaldırsın. Görüntü yaratsın ki, erməni tərəfi hansısa danışıqlarda iştirak edir, sülhpərvərdir, kompromis yolu ilə sülhə nail olunması üçün çalışır. Halbuki, bu, belə deyil. Paşinyanın verdiyi bəyanatları nəzərə alaraq, artıq müharibədən başqa yol qalmayıb. Azərbaycanın mövqeyi birmənalı olmalıdır; Paşinyanın verdiyi bəyanatlar, Ermənistanın hazırda tutduğu mövqe artıq Azərbaycanı güc tətbiq etməyə vadar edir. Ona görə də mən hesab edirəm ki, birincisi, Nyu-York görüşündən danışıqlar prosesi üçün heç bir nəticə əldə olunmayacaq. İkincisi isə erməni tərəfi bundan müəyyən divident qazanmağa çalışacaq. Buna da yol vermək olmaz”.

Qeyd edək ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov-Rusiya Federasiyası, Stefan Viskonti-Fransa və Əndrü Sxofer-ABŞ) vasitəçiliyi ilə baş tutacaq. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər