Teleqraf.com-un suallarını Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov cavablandırıb:
- Əvəz bəy, İrəvanda mer seçkilərini necə qiymətləndirirsiniz? Nəticə proqnozlaşdırdığınız kimi idi?
- İrəvanda mer seçkiləri həmişə çox zəif seçici aktivliyi ilə baş tutub. Əhalinin seçkidə iştirak faizi 40 faizi heç vaxt ötməyib. Ermənistanın Baş naziri Nikol Paşiyanın əhali arasında reytinqi yüksək olsa da, demək olmaz ki, meriya seçkilərində seçicilər aktiv olub. Paşinyanın namizədinin qalib gələcəyi gözlənilən idi. Namizədlər içərisində yaxşı tanıdığım, vaxtilə QHT sferasında fəal iştirak eləmiş şəxs də vardı.
- Söhbət hansı namizəddən gedir?
- Sabiq ədliyyə nazir Artak Zeynalyan da mer olmaq üçün öz namizədliyini irəli sürmüşdü. Ölkədə yaranmış ümumi siyasi fonda başqa bir partiya və ya blokun baş nazirin dəstəklədiyi namizədi aşması ağlasığan deyildi. Doğrudan da Paşinyan xalqın etiraz qüvvəsini yaxşı idarə etməyi bacarır, parlament seçkilərinə ümidsiz getsə də, xalqdan yüksək nəticəni ala bilər. Parlament seçkilərinin nə zaman olacağı çox ciddi müzakirə edilir. Vaxtı barədə konkret bir söz deyə bilmirlər. Noyabr və ya yaz aylarında olacağı proqnozlaşdırılır.
- Parlament seçkilərinin nəticəsi ölkədə vəziyyətə necə təsir göstərəcək?
- İnsanların parlament seçkilərinə getməsi iki məsələnin həllinə təsir edəcək. Birincisi, Ermənistanda Paşinyan hakimiyyətinin qanunverici orqanda möhkəmlənməsini ən azı nümayiş etdirməlidir. İkincisi, əgər doğrudan da Ermənistan əhalisi Paşinyanın dediyi kimi Köçəryan və Sərkisyan cütlüyündən yaxa qurtarmaq istəyirlərsə, seçkilərdə iştirak edib onlara öz sözünü deməlidir. Faktiki olaraq icraedici hakimiyyət Paşinyanın əlindədir, qanunverici hakimiyyətə isə tam olaraq nəzarət edə bilmir. Ona görə də parlament seçkiləri Nikol Paşinan üçün ciddi sınaqdır. Ən azı digər bloklarla üstünlüyü ələ ala alandan sonra hansısa uğurlu daxili siyasət aparacağına əmin olacaq. O vaxta qədər o, qeyri-müəyyən bəyanatlarla özünü və elektroratını toxdadır və sakitləşdirir. Çünki seçkidə doğrudan da üstünlüyü əldə edə biləcəyinə tam inanmır.
- Növbədənkənar seçkilərin tarixinin uzanmasını nə ilə izah etmək olar?
- Əgər Paşinyan-Köçəryan konfrontasiyası olmasaydı, məsələnin üstündən sakit keçib onların hakimiyyət dövrünü araşdırmasaydı, Paşinyan parlament seçkilərinə payız aylarında getsəydi, xalq onu dəstəkləyəcəkdi və çoxluq əldə edəcəkdi. İndi o, Köçəryan və Sərkisyanla haqq-hesab çürütməyə başlayıb. Bu isə Moskvanın xoşuna gəlmir. Rusiya təbii ki, Köçəryan və Sərkisyanı ram etməyə imkan verməyəcək, onlar birbaşa Moskvanın maraqlarına xidmət edən, vaxtilə onun siyasətini yürüdən dövlət rəhbərləri olublar və onların siyasi səhnədən atılmasına maraqlı deyil. Sərkisyan siyasətə qayıtmağa o qədər də maraqlı deyil, çünki onun arxasında duran Köçəryan özü qayıdıb.
- Bu gün Köçəryan Paşinyanı məhkəməyə verdiyini açıqlayıb. Paşinyan-Köçəryan qarşıdurması necə nəticələnəcək?
- Paşinyan korrupsiya ilə mübarizəni Köçəryanı siyasi fəaliyyətinə görə cəzalandırma mexanizmi kimi ortaya atdı və mənə elə gəlir ki, nə zamansa yanıldığını başa düşəcək. Toxulmazlıq hüququ olan keçmiş prezidenti məhkəmə çağırıb biabırçı şəkildə bu qədər həbsdə saxlamağa ehtiyac yox idi. Paşinyan Köçəryanı qəfəsdən çıxarıbsa onun mübarizəsi çox gərgin olacaq. Qələbəni konkret olaraq Paşinyanın xeyrinə proqnozlaşdırmaq çətin olacaq. Çünki Köçəryan güclü arqumentlərə və bazaya malikdir, onu zəif siyasətçi saymaq olmaz.
- Parlament seçkilərinə Rusiyanın müdaxiləsi olacaqmı?
- Fiziki müdaxilədən söhbət gedə bilməz. Rusiya çalışacaq ki, neytralda qalsın. Rusiya telefon zəngi ilə göstərib ki, o, heç də Köçəryanın taleyinə biganə deyil. Rusiya siyasi güc baxımından Köçəryanın Erməniatan siyasətində ən azı ikinci fiqur olmasında maraqlıdır. Paşinyan və Ter-Petrosyan cütlüyü və Köçəryan siyasi xətti əsasdır. Digər partiyalar bir o qədər güclü deyil.
- Paşinyan ABŞ səfəri zamanı bəyan edib ki, İrəvan meriyasına seçkilərin nəticəsi onu devirəcək qüvvə olmadığını göstərdi. Nə dərəcədə haqlıdır?
- Arxasında xalq durubsa və o da bütün müraciətlərini meydanda edirsə, bəlkə də bu mənada sözlərində haqlıdır. Ancaq seçkilərlə devrilmək fikri arasında böyük fərq var. Onu icra hakimiyyətindən devirməyə bilərlər, lakin seçkilərdə təkbaşına qalib gəlməyə bilər.
- Arxasında xalqın dayandığını vurğuladınız, Paşinyanın birdən-birə hakimiyyətə gəlməsi fonunda Qərbin ona “stavka” etdiyi barədə səslənən fikirlərlə nə dərəcədə razısınız?
- Demək olmaz ki, Paşinyanı Qərb hakimiyyətə gətirib. Sadəcə olaraq Ermənistanda dalğa qalxdı və o, bu dalğadan məharətlə istifadə edib xalqı ətrafında cəmlədi. Amma təbii ki, istəsə də, istəməsə də Qərbyönümlü olmaq ona sərf edir. O, Rusiyayönlü ola bilməz.
- Xalqdan dəstək almaq üçün?
- Həm də dəstək almaq baxımından, çünki ermənilər Qərbyönümlü siyasətin marağındadırlar. Rusiyanın 20 ildə onlara verdikləri həyatlarını yaxşılaşdırmayıb.
- Ermənistandakı vətəndaş cəmiyyətinin nümayəndələrinin baş verənlərlə bağlı fikirləri nədən ibarətdir?
- Paşinyanın ətrafında olan və ona rəğbət göstərən insanların içərisində QHT-lər çoxdur. Sabah Köçəryan siyasətə gələcəksə, onun yox, Paşinyanın ətrafında olacaqlar.
- Sizcə, Köçəryan aktiv siyasətə gələcəkmi?
- Təbii ki, gələ bilər, heç bir maneəsi yoxdur, əksinə dəstəyi var. Rusiya tərəfindən dəstəklənir, eləcə də narazı kütlənin, oliqarxların dəstəyini alacaq. Bəlli oldu ki, Paşinyan 5-6 ay müddətində oliqarxları tam ram edə bilmədi. Oliqarxlar daha çox Köçəryanın ətrafında olmaqda maraqlıdırlar.
- Paşinyanın son zamanlar Qarabağla bağlı səsləndirdiyi bəyanatı necə qiymətləndirirsiniz?
- O, danışıqlar masasına yeni bir ideya gətirə bilmir və dəyişikliklər üçün vaxt qazanmaq istəyir. Vaxt qazanmağın ən yaxşı yoluna əl atıb. Elan edib ki, mən Dağlıq Qarabağı təmsil etmirəm, onlar özü danışıqlar masasına otursun. Əmindir ki, Azərbaycan tərəfi bunu qəbul etməyəcək və belə olan halda danışıqlar prosesi uzanacaq. Məncə, bu bəyanatın arxasında vaxt udmaq taktikası durur.
ATƏT-in Minsk qrupunun və Azərbaycan tərəfinin müdaxiləsi göstərir ki, onlar danışıqlar prosesinin uzanmasında maraqlı deyillər. Həmsədrlər Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin danışıqlarının davamını istəyirlər. Anlayırlar ki, Paşinyan ölkədəki vəziyyəti, daxili siyasəti qaydasına qoymadan hansısa qeyri-populyar addım atmaqda risk etməyəcək. Amma bu o demək deyil ki, bununla barışacaqlar.