Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana gəlişi və Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə sonuncu səfəri ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.
O qeyd edib ki, bu səfərlər həm siyasi, həm də iqtisadi xarakter daşıyır:
“Siyasi xarakter odur ki, Azərbaycan özünün yaxın qonşuları ilə dostluq münasibətləri qurur və ölkələr bir-birini dəstəkləyir. Mən bu yerdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın fəaliyyətinin olacağına dair fikir söyləmək istərdim.
Çünki Rusiya bu münaqişənin həllində mühüm rol oynaya bilər. Düşünürəm ki, bu səfərlərin aktiv olması Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz təsirini göstrəcək”.
Deputat əlavə edib ki, Vladimir Putinin Azərbaycana səfəri həm də iqtisadi xarakter daşıyır: “Səfər çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə IX Azərbaycan-Rusiya Regionlararası Forumu təşkil olunacaq. Burada Rusiyanın regionları təmsil edən çoxlu sayda qubernatorlar, iş adamları iştirak edəcək.
Bu səfər çərçivəsində forumun keçirilməsini biznes strukturlarının bir-birinə yaxınlaşması istiqamətində növbəti addım kimi qiymətləndirmək olar. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac olunduğu əsas ölkə Rusiyadır. Rusiyanın biznes strukturlarının Azərbaycana səfəri və forumda Azərbaycanda yeni biznes imkanları potensialının təqdim olunması gözlənilir.
Yəni, forumun keçirilməsi, prezidentlərin burada iştirakı və forumdan əldə olunacaq nəticələr çox yüksək olacaq. Bu forum hər iki ölkənin iqtisadi inkişafı üçün böyük əhəmiyyətli bir tədbir olacaq.
Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr günü-gündən genişlənir. Bu, iqtisadiyyatın hər bir sahəsini əhatə edir. Rusiya dövlət başçısının Azərbaycana nəzərdə tutulan səfəri də bu münasibətlərin inkişafında yeni mərhələ olacaq”.
Qeyd edək ki, Rusiya prezidenti V.Putinin Azərbaycana səfəri sentyabrın 27-də səhər saatlarında başlayacaq.