Gün ərzində Ermənistanın Baş naziri Nikol Paşinyanın və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın 3 təxribatını saydım. Birinci təxribat Ermənistan hərbi təyyarələrinin Dağlıq Qarabağ səmasında uçuşları, ikinci təxribat Nikol Paşinyanın BMT tribunasından Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışı, üçüncü təxribat Xankəndidə imzalanan sazişdir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalıdır, bunun başqa yolu yoxdur:
“Ermənilər bu təxribatlarını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfər öncəsi təşkil ediblər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risq etməsin. Elə tam əksinə, Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalıdır ki, Vladimir Putin Azərbaycanın mövqeyinin ciddiliyini anlasın. Paşinyanın təxribatçı açıqlamalarına gəldikdə isə bu son bir ayda genişlənib və ardı gəlir”.
Elxan Şahinoğlu qeyd edib ki, sentyabrın 25-də Xankədidə separatşıların lideri Bako Saakyanla Fransanın Alforvil şəhərinin meri Mişel Jerşinoviç arasında “dostluq və əməkdaşlıq sazişi” imzalanıb: “Bu da ermənilərin Fransa Prezidenti Emmanuel Makronun Bakıya səfəri öncə həyata keçirdikləri oxşar təxribatdır. Makronun ziyarəti öz yerində, ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini XİN-ə çağırıb, ona nota verilməlidir”.