Rusiya prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən hazırki səfərini 90-cı illərdən bu yana böyük transformasiyaya uğramış Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə adlandırsaq, eləcə də Qafqazda yenidən formalaşan geopolitik arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək, yanılmarıq. Qərblə böyük savaşın içərisində olan, Suriyada aktiv hərbi əməliyyatlar aparan və Ukraynadan fasiləsiz qaynar raportlar qəbul edən bir dövlətin lideri xarici siyasət qrafikində bir Qafqaz ölkəsinə təsadüfi yer ayıra bilməz.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, Azərbaycan fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və qitələr üçün cazibədar partnyor halına gəlib:
“Diqqətlə baxdıqda nə İran, nə Türkiyə və Rusiya haqda eyni fikirləri söyləmək mümkün deyil.
Qlobal çarpışma və sanksiyalar müharibəsinin hədəfləri indi sözügedən 3 dövlətdir. Burada kiçik qonşularımızın adını çəkməyinə belə ehtiyac qalmır. Gürcüstan NATO ilə izdivacını başa çatıracağını elan etməklə Tehran və Moskvadan özünə son hökmləri qazanıb. Ermənistan isə indi inqilabı BMT tribunalarına daşımaqla onu əsil siyasi və maliyyə kapitalına döndərməyə çalışır.Üstəlik Paşinyan öz personasını gah Saakaşviliyə, gah da son çxışında kəşf etdiyi Nelson Mandelaya bənzətməklə əsrlər boyu Rusiya dövlətçiliyi üçün çətin anlarda onları atıb gedən və yeni himayədarlar tapan xələflərinin rollarını təkrarlamağa çalışır.
Halbuki dövlət siyasəti və xəyalpərəstlik antoqonist terminlərdir. Belə olan şəraitdə prezident Əliyev çox peşəkarlıqla uzun on illər can atdığı hədəfə doğru irəliləməkdə davam edir”.
Rusiyanın Azərbaycandan özünə təhlükə gözləmədiyini deyən Zahid Oruc qeyd edib ki, buna görə də sentyabrın 15-də rürk ordu birləşmələrinin, İsrail silahlarının müşaiyəti ilə keçirilən və bir əsr əvvəlki bolşevik-daşnak birləşmələrindən Bakının azad olunması şüarı altında mahiyyətcə Qarabağın işğaldan təmizlənməsini hədəf seçən hərbi paraddan hər hansı əndişə duymur:
“O biri yandan Ankara-Moksva müttəfiqliyi son 600 ildə heç vaxt indiki səviyyəyə çatmayıb. Belə bir düzəndə cənab Əliyev Putini öz ölkəsində salamlayır və regionun gələcəyi ilə bağlı iki güclü liderin qərarları bağlı qapılar arxasında müzakirə edilir. Açıq deyilməlidir ki, cəmiyyətlərin böyük gözləntilərini adi gözlə də görmək mümkündür. Rus ordusunun imicini Qafqazda ədalət üzərində təzələmək həyati bir zərurətə çevrilib və Azərbaycan əsgərinin Putinin maraqları naminə şəhid olacağı iddialarını dillərinə götürən siyasətxorlar erməni mətbəxinin zəhərli xörəkləri ilə qidalanırlar”.
Millət vəkili hesab edir ki, Ermənistanı regional orbitə qaytarmaq üçün Azərbaycan ordusunun dəyənək obrazına hər iki paytaxtın-Moskva və Bakının ehtiyacı yoxdur:
“Tarix dövlət siyasətini qurmaq üçün hər zaman istinad nöqtəsi və ya vasitə ola bilməz. 2 əsrlik keçmişin bütün acı təcrübəsinə rəğmən rus və azərbaycanlı əsgərlər Hitlerizmə qarşı səngərdə 5 il çiyin-çiyinə söykənərək vahid taleni bölüşüblər. İndi Qarabağda lövbər salan qüvvələr Paşinyanın əl atdığı ucuz tryüklə-ayı balasını salamlamaqla Rusiyanın yardımına bel bağlaya bilməz. Çünki qəlbi Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin arxasını Qarabağda rus əsgəri qoruyası deyil”.