28 Sentyabr 2018 16:54
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni rəhbərliyi bir-birini təkzib edən ziddiyyətli və məntiqsiz bəyanatlar verməklə bu ölkənin qeyri-konstruktiv mövqeyini nümayiş etdirir. Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyi beynəlxalq hüquq normalarına və ölkəmizin milli maraqlarına əsaslanır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində öz qətiyyətli mövqeyini və fəal diplomatik səylərini davam etdirir: “Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bu məqamlara da toxundu və diqqətə çatdırdı ki, münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər.

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən tanındığını, bütün ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğuladı.

Əlbəttə, Prezident İlham Əliyevin həmin tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları və Azərbaycanın mövqeyini qətiyyətlə diqqətə çatdırıması çox mühüm əhəmiyyətə malikdir. Bu baxımdan ki, orada müxtəlif ölkələrin parlamentariləri iştirak edirdilər və onlar obyektiv reallıqları əsas götürərək öz ölkələrinin parlamentlərində bu məsələ ilə bağlı müxtəlif qərarların qəbul edilməsinə, eləcə də dövlət siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərlər”.

Milli Məclis sədrinin müavini hesab edir ki, indiki şəraitdə parlament diplomatiyası da Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq miqyasda mühüm qərar və qətnamələrin qəbul edilməsinə çox ciddi təsir göstərir:

“Azərbaycan deputatlarının beynəlxalq miqyasda fəaliyyətinin prioritet istiqamətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət uğurla davam etdirilir.

Son illərdə Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan, ölkəmizin ərazi bütövlüyünün dəstəkləndiyi qətnamələr qəbul ediblər. Bu, olduqca mühüm əhəmiyyətə malikdir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər