Teleqraf.com-un suallarının “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb:
- Elxan bəy, bu günlərdə Ukraynanın Prezidenti Petro Poroşenko “Ukrayna ilə Rusiya arasında “Dostluq, əməkdaşlıq və birlik sazişi”nin ləğvinə dair fərman imzaladı. Sizcə bu sazişin ləğvindən sonra Rusiya ilə Ukrayna arasında münasibətlər hansı məcrada davam edəcək?
- Ukraynanın onun torpaqlarını işğal edən dövlətlə sazişlərdən yavaş-yavaş çıxması normal haldır. Çünki Rusiya Krımı ilhaq edib, Donbasda separatçılara dəstək verib. Ukrayna Rusiya ilə bir çox anlaşmalardan çıxmağa məcburdur. Amma bu, bir az çətindir.
Ukraynada olarkən rəsmilərə sual ünvanladım ki, necə olur işğalçı saydığınız dövlətlə əməkdaşlığınız davam edir. Arqument bundan ibarətdir ki, Rusiyada xeyli ukraynalı yaşayır, işləyir və evlərinə pul göndərirlər. Bu zərurət var.
Bundan başqa Ukrayna-Rusiya iqtisadi əlaqələri mövcuddur. Rusiya bu əlaqələrdən qopsa, çox böyük iqtisadi ziyan görə bilər. Buna baxmayaraq tədricən Rusiya ilə müəyyən anlaşmalardan çıxmaq yolunu da tutublar. Azov dənizində vəziyyət gərginləşib, Rusiya hərbi gəmiləri Mariopol limanına yön almaq istəyən Ukrayna gəmilərini yoxlayırlar.
2003-cü ildə Ukraynanın Rusiya ilə Azov dənizi ilə bağlı anlaşması olub, o zaman münasibətləri yaxşıydı, dost idilər, ancaq indi vəziyyət elədir ki, Rusiya həmin anlaşmadan öz məqsədləri üçün Ukrayna əleyhinə istifadə edir. Yəqin Ukrayna məcbur qalıb o anlaşmadan da çıxacaq.
- Belə olan təqdirdə Rusiyanın cavab addımları nə ola bilər?
- Rusiya Ukraynaya elədiyi pislikləri onsuz da edib. Rəsmi Moskva Rusiyada çalışan ukraynalıları deportasiya etmək istəmir ki, xalqlar arasında münasibətlər daha çox kəskinləşməsin. Ukraynada gələn ilin martında prezident, oktyabrda parlament seçkiləri keçiriləcək, Rusiya çox çalışır ki, orada öz adamlarını hakimiyyətə gətirə bilsin. Prezident seçdirməsi çox çətin olar, çünki ruspərəstin bundan sonra Ukraynada prezident seçilməsi problematikdir.
Əvvəl Krım, Donbas vardı, oradakı elektorat ruspərəst siyasətə səs verirdi. İndi onlar Ukraynadakı səsvermədə iştirak etmirlər və ruspərəst siyasət üçün bu elektoratı itirilib. Parlament seçkilərində isə dəstək qazana bilərlər. Rusiya seçkilərdə öz adamlarını çoxaltmağa çalışır, eləcə də Ukrayna ictimaiyyətinə təsir göstərmək istəyir. Ukraynada ən populyar televiziya kanalları olan “Newsone” və “112 Ukrayna” Rusiyaya yaxın, Putinin dostu olan Viktor Medvedçuk adlı oliqarx tərəfindən alınıb və bu iki telekanal Rusiya ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini təbliğ edir. Rusiya bu şəkildə Ukraynaya təsir etmək istəyir.
- Bu yaxınlada Ukraynada olmusunuz, müşahidələriniz barədə danışardınız, hazırda ölkədə durum necədir?
- Müşahidələr çoxdur, çox təəssüf ki, Ukraynada iqtisadi vəziyyət hələ də ağırdır. Petro Poroşenko islahatlar aparmaqda çətinlik çəkir, resurslar azdır. Ölkəni tərk edənlərin sayı artır. Xarici işlər naziri Pavlo Klimkin etiraf etdi ki, ildə ölkəni 1 milyon adam tərk edib, müxtəlif ölkələrə işləməyə gedirlər. Üstəgəl oliqarxik sistem hələ də mövcuddur. Maydan hərəkatından sonra düşünülürdü ki, oliqarxların təsirindən qurtulacaqlar. Amma oliqarxiya sistemi Ukraynada elə kök salıb ki, iqtisadiyyata da, siyasi proseslərə də təsir edir.
Məşhur oliqar İqor Kolomovskini Poroşenko siyasətdən uzaqlaşdırdı, o da İsveçrəyə getdi, amma oradan belə Ukraynadakı siyasi proseslərə təsir edir, parlamentdə partiyaları maliyyələşdirir, deputatları alıb-satır. Seçkilər yaxınlaşdıqca hər bir siyasətçinin pula ehtiyacı olur. Pul isə ancaq oliqarxlardadır. Poroşenkonun özü də oliqarxdır, o da bəzi oliqarxlarla ittifaqa gedib seçki kampaniyasını maliyyələşdirmək istəyir.
- Növbəti dönəmdə Poroşenko uğur qazana biləcəkmi?
- Bu dəqiqə Poroşenkonun reytinqi xeyli aşağıdır. Əsas reytinq Yuliya Timoşenkodadır, Poroşenko 5-6-cı sıralardadır. Amma seçkiyə yaxın administrativ resurslardan istifadə edərək reytinqini bir az qaldıra bilər.
Rusiyada da belə hal olmuşdu, 1996-cı ildə Boris Yeltsin ikinci dəfə seçkiyə gedəndə reytinqi 5-6 faiz idi, son anda oliqarxlar onun ətrafında birləşib dəstək oldular, imkan vermədilər ki, kommunist Züqanov prezident seçilsin. Eyni situasiya Ukraynada yaşana bilər. Poroşenko və Timoşenko ikinci tura keçsə, Poroşenkoya dəstək arta bilər. Bu, Poroşenkonun hansı oliqarx və təşkilatlarla ittifaq quracağından asılıdır. Amma hələ ki reytinqi çox aşağılardadır.
Bu da onunla əlaqədardır ki, kifayət qədər islahatlar aparması mümkün deyil, oliqarxik sistem davam edir, korrupsiya halları yenə də var, inflyasiya artır. Bu da insanları narahat edir. Amma açıq etiraf etmək lazımdır ki, Poroşenko müəyyən işlər görüb, sadəcə imkanları məhduddur.
- Poroşenkoya islahatlar aparmağa mane olan təkcə oliqarxiya sistemidir?
- Yox, tək oliqarxiya sistemi mane olmur, Krım yarımadası itirilib, Donbasın yarısının əldən çıxması bir ölkə üçün görün nə deməkdir? Əsas kömür şaxtaları, fabrik və zavodlar bu hissədəydi. Fabrik və zavodların çoxu SSRİ dağılandan sonra dayanıb. Bunlar Poroşenkoya mane olan obyektiv səbəblərdir.
Bəli, oliqarxlar da müəyyən maneə yaradırlar, amma onların faydalı iş əmsalı da var. Fabrik və zavodları işlədib heç olmazsa fəhlələrə maaş verilərdi. Sadəcə olaraq öz maliyyələrini qorumaq məqsədilə siyasi proseslərə müdaxilə edirlər. Bir misal çəkim, Ukrayna parlamentində deputatların mütləq əksəriyyəti biznesmenlər, varlı insanlar, oliqarxlarla əməkdaşlı edən adamlardır. Onlar öz bizneslərini qorumaq üçün məhz deputat seçiliblər.
- Yuliya Timoşenkonun reytinqini yüksəldən nədir?
- Timoşenko populist siyasətçidir, sağa-sola vədlər verib insanların diqqətini cəlb edə bilir. Amma bilinmir seçkiyə yaxın reytinqi necə olacaq. Düzü, onun verdiyi vədləri yerinə yetirəcəyinə inanmıram. Çünki baş nazir olduğu dövrü gördük, çox da uğurlu islahatlar apara bilmədi.
- Bəs Ukraynanın NATO üzvlüyü məsələsi necə nəticələnək?
- Bu, Ukraynanın arzusudur. Ukraynada ikən bir diplomat qeyri-rəsmi söhbətdə dedi ki, Avropaya görə yüzlərlə insanımız Maydanda öldü, biz düşünürdük ki, Avropa qapılarını bizə açacaq, amma bu ölümlər hədər oldu. Avropa qapılarını açmır, NATO üzvlüyü məsələsi qalıb, bu da insanlarda ikrah hissi doğurur.
Bu vəziyyət Rusiyaya münbit şərait yaradır ki, öz maraqlarını Ukraynada gücləndirsin. Bu, yanlış siyasətdir. Bir tərəfdən Rusiya Ukrayna torpaqlarını işğal edib, digər tərəfdən Avropanın bəzi dövlətləri, məsələn, Macarıstan Ukraynada separatizmi gücləndirir. Ukraynada macarlar yaşayır və onlara pasportlar paylayır. Bu isə Ukrayna cəmiyyətində çox böyük narazılıq yaradır.
Bəzi Avropa ölkələri Ukraynaya bufer zona kimi baxırlar, düşünürlər ki, kasıb ölkədir, qoy qalsın, bizimlə Rusiya arasında bufer zona olsun. Halbuki bu ölkəni daha da gücləndirmək lazımdır ki, Rusiya qarşısında zəif olmasın. Çox təəssüf ki, bir sıra Avropa dövləti Ukraynanı güclü görmək istəmir.
- Poroşenko bəyan edir ki, Ukrayna NATO-nun şərq cinahıdır...
- Bunu Poroşenko deyir, onun arzusudur, NATO isə belə görmür. 2008-ci ildə Buxarestdə NATO-nun zirvə toplantısında Gürcüstan və Ukraynanın NATO üzvlüyü həll oluna bilərdi, ABŞ da bu məsələdə hər iki dövlətə dəstək idi, çox təəssüf ki, Avropanın iki aparıcı dövləti olan Fransa və Almaniya bunun əleyhinə çıxdı və bu da Rusiyanın Ukraynaya müdaxiləsinə şərait yaratdı.
- Perspektivdə Ukraynanın NATO üzvlüyü görünmür?
- Mən hələ ki görmürəm. Avropa dövlətləri Ukraynanı yanlarında görmək istəmirlər. 50 il elə Türkiyənin özünü qapıda gözlətdilər.