28 Sentyabr 2018 20:34
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Rasim Ağayevlə müsahibəni təqdim edir.

- Rasim müəllim, Putinin Bakı səfəri baş tutub. Bu səfər konteksində Rusiya-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir. Nəzərə almaq lazımdır ki, Rusiya böyük dövlətdir və onun Cənubi Qafqazla bağlı istəkləri dəyişməyib. Rusiya Cənubi Qafqaz siyasətini tələsmədən, tədricən həyata keçirir. Bu zaman Azərbaycan dövlətinin maraqları da nəzərə alınır. Xatırlayıram, SSRİ dağıldıqdan sonra bizim bəzi mütəxəssislərimiz bəyan edirdi ki, Rusiya məhv oldu, batdı və daha Qafqaza qayıda bilməyəcək. Ancaq Rusiya Cənubi Qafqaza qayıdır, sadəcə, başqa formada qayıdır. Yəni Rusiya indi yaranan şəraitə uyğun olaraq Cənubi Qafqazla bağlı siyasətini həyata keçirir. 100 il əvvəl Rusiya Cənubi Qafqaza zirehli qatarla gəlmişdi. Bu, 100 il əvvəl dünyada mövcud olan siyasi konyunkturaya uyğun idi. Həmin dövrdə Qafqazda alman, ingilis əsgəri də var idi. Şərqi Avropa dağılırdı. Avrasiya qarışmışdı. Hətta o zaman çinlilər gəlib Moskvaya belə çıxmışdı. İndisə siyasi liderlər vəziyyəti dərindən analiz edərək belə qərara gəlirlər ki, Rusiyasız iş getmir. Yəni Rusiyasız müxtəlif problemlər yaranır. Odur ki, tarazlıq üçün Rusiya amili nəzərə alınır. Bir tərəfdən Amerika, digər tərəfdən Avropa çalışır ki, mövqelərini gücləndirsin. Belə şəraitdə Rusiya da maraqlarını önə çəkir. Mənim fikrimcə, hazırda Azərbaycan düzgün siyasi gedişlər edir. Rusiya ilə əməkdaşlıq etməklə uduzmur. Əksinə, həm regionda təhlükəsizlik, həm də tarazlığın yaranmasında müstəsna rol oynayır. Unutmayaq ki, Azərbaycan-Rusiya əlaqələri çox yüksək səviyyədədir, bu münasibətlər həm də tarixi gerçəkliklə bağlıdır. Rusiya bizim ən böyük qonşumuzdur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır. Və hazırda qurulan yüksək səviyyəli əlaqələr qarşılıqlı maraqlar və tərəflərin bir-birinə hörməti prinsipini özündə əks etdirir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra qurulan hökumətlərdən yalnız Elçibəy iqtidarı Rusiya ilə sərt əlaqələrə üstünlük verib. Ancaq digər hökumətlər Rusiya ilə əlaqələrdə düzgün yolu tapıb. Rusiya ilə dalaşmaq, qarşıdurmaya getmək deyil, geniş və lazımı əlaqələr yaratmaq, bunu bərkitmək ən doğru yoldur. Sözsüz ki, bu proses dəyişə, tormozlana, sürətlə inkişaf edə bilər. Buna təbii yanaşmaq lazımdır. Rusiyasız Cənubi Qafqazda təhlükəsizlik boşluğu yarana bilər. Bu mənada Putinin Azərbaycan səfərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfər Azərbaycanın maraqlarına tam cavab verir.

- Putin Bakıda iqtisadiyyat, humanitar, sosial, energetika sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirsə də, Dağlıq Qarabağ münaqişəsi haqqında danışmadı. Sizcə, Bakıda Dağlıq Qarabağ münaqişəsi haqda müzakirələr aparılıbmı?

- Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında liderlər arasında müzakirələr keçirilib. Dövlət rəhbərlərinin apardığı hər müzakirə ictimaiyyətə açıqlanmır. Ümumilikdə deyim ki, Rusiya Qarabağ məsələsində hansısa təkliflər hazırlayıb. Nəzərə alaq ki, Putin Ermənistanla da intensiv müzakirələr həyata keçirir. Üstəlik, erməni siyasətini və siyasi fikrini yaxşı bilən siyasətçilərdən biridir. Mənə elə gəlir ki, bu mərhələdə məsələ bişməyib. Konkret təkliflər üçün hazırlıq olmalıdır. Ancaq bu məsələdə Azərbaycanın mövqeyi sərtdir, dürüstdür və haqlıdır. Ermənilər isə nala-mıxa vurmağa başlayıb. İddia edirlər ki, işğal edilən ətraf ərazilər qalsın bizdə və oturub söhbət edək. Bu isə mümkün deyil. Ermənilərin bu mövqeyi bizim üçün kapitulyasiya danışıqları anlamını verir. Buna da biz heç vaxt getməyəcəyik. Münaqişəyə dair Azərbaycanın net mövqeyi var. Amma hazırda danışıqlara hazırlıq da yoxdur. Baxın, 10-15 il əvvəl indiki vəziyyət yox idi. İndi proseslər Azərbaycanın xeyrinə gedir. Konfliktlə bağlı Azərbaycanın mövqeyi bütün dünyaya bəllidir və rəsmi Bakıya irad tutmaq faktiki mümkün deyil. Vaxt getdikcə istər Avropa, istər ABŞ, istərsə də Rusiya Ermənistana suallar verəcək. İndi dünyanın müxtəlif yerlərində konfliktlər var və torpaq işğal edən tərəflərə də ciddi iradlar tutulur. Ermənilər də bu siyahının içindədir.

Onu da qeyd edim ki, Ermənistanın daxili vəziyyəti elə həddə gəlib çıxacaq ki, ermənilər çaşıb qalacaq. İndi də ermənilər “bunun axırı necə olacaq” sualı haqqında baş sındırır. Ancaq indiyə qədər gedən prosesin nəticəsi belədir ki, 3 milyon 100 min əhalisi olan Ermənistanda indi 1 milyon 500 mini insan qalıbsa, böyük işdir.

- Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyində dəyişikliklər müşahidə edilirmi?

- Sözsüz ki, müşahidə edilir. Qarabağ konflikti yaranan dövrdə Qorbaçov, sonra Yeltsin Ermənistanın tərəfində idi. Əgər o zaman belə olmasaydı Ermənistan heç vaxt torpaqlarımızı tuta bilməzdi. Məsələ uzana, müxtəlif ölkələr prosesə girişə bilərdi, amma konflikt ermənilərin xeyrinə başa çatmayacaqdı. Lakin Rusiyanın ermənilərin tərəfində olması bu prosesə həlledici effekt göstərdi. Mən 1989-cu ildən 1992-ci ilə qədər danışıqlarda bilavasitə iştirak etmişəm. O dövrdə Moskva bizim əl-qolumuzu bağlayırdı və birmənalı Ermənistanın tərəfində idi. Çünki Ermənistan o zaman SSRİ-nin dağılmasının fəallarından idi.

- Bəs, Putinin vaxtında nə dəyişdi?.

- Putin gəldikdən sonra hər şey dayandı və nisbətən tarazlaşdırma siyasətinə keçildi. Düzdür, bu gün də Ermənistan Rusiyanın müttəfiqidir. Putin dövründə müttəfiqlik müqaviləsi imzaladılar. Yəni tərəflər o ana qədər olan qeyri-rəsmi dəstəyi rəsmiləşdirdi. Bu siyasətlə Kreml Cənubi Qafqazda rolunu bərpa etmək istəyirdi. Bu, bizim xoşumuza gəlməyə bilər, amma Rusiya öz maraqları baxımından siyasət aparır. Rusiyanın Azərbaycanla da, Ermənistanla da yaxşı münasibətləri var. Amma son bir neçə ayda Moskvada Paşinyana “itin sözü” deyildi. Faktiki Ermənistan həmişəki kimi müttəfiq ola-ola Rusiyanı satdı. Açıq şəkildə bəyan etdilər ki, Ermənistanın gələcəyi Qərblə bağlıdır. Sizcə, bu Rusiyanın xoşuna gəldi? Buna görə də Rusiya sərt münasibətini ortaya qoydu. Ermənilər bunu çox yaxşı bilir. Moskvada ermənilərlə çox ciddi söhbət olub. Moskvanın Ermənistandan tələbi budur ki, hakimiyyətdə olan Qərb yönlü şəxslər hakimiyyətdən kənarlaşdırılsın. Bu isə çətin olsun. Əgər konfliktin əvvəlində böyük rolu Rusiya erməniliyi oynayırdısa, indi bu rolu Qərb erməniliyi oynayır. Üstəlik indi Ermənistan heç kimə lazım deyil. SSRİ dağılıb, Ermənistanın nəyi var ki, cəlbedici olsun? Ermənilərin fəallıq və rolunun azalması da bununla bağlıdır. Bu baxımdan güclü siyasət aparılsa, bütün nüanslardan istifadə olunsa, Ermənistanı üstələyə bilərik. Bir daha deyirəm ki, bundan sonra Ermənistanın fəallığı azaldığı kimi, imkanları da azalacaq.

- İndi Azərbaycan yaranan nüanslardan istifadə etmək üçün doğru siyasət aparırmı?

- Əslində Rusiya-Azərbaycan münasibətləri lazımı səviyyədədir, düşmənçilik yoxdur, ciddi və hər iki tərəfin marağına uyğun olan anlaşmalar var, əlaqələr də yüksəkdir. Vladimir Putinlə İlham Əliyevin münasibətləri buna bariz nümunədir. Həm şəxsi münasibətlər yüksək səviyyədədir, səmimidir, həm də siyasi. Üstəlik mərhum Heydər Əliyev rəhmətə gedəndə Putin Bakıya gəldi və dedi ki, mən onu ata kimi istəyirdim. Bunu hər siyasətçi üçün demirlər. Siyasi səhnədə belə fikirlərin yüksək qiyməti və önəmi var. Azərbaycan-Rusiya əlaqələri yaxşıdır, problemlər də olmamış deyil. Çünki Rusiya böyük dövlətdir və orada bizi sevməyən qüvvələr də var. Ancaq buna baxmayaraq, biz Rusiya-Azərbaycan münasibətlərini 10 il əvvəllə müqayisə etsək, görərik ki, həqiqi mənada hazırda sabit, yaxşı, perspektivi olan münasibətlər var və bu münasibətlər qarşılıqlı hörmətə söykənir.


Müəllif: Cavad

Oxşar xəbərlər