Nikol Paşinyan təxminən 4 aydır Ermənistanın baş naziridir. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi qəbuledilməz idi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də danışıqlar prosesində qondarma Dağlıq Qarabağ rejiminin iştirakı ilə bağlı Nikol Paşinyanın iddiasının qəbuledilməzliyini dəfələrlə vurğulayıb:
“Cənab prezident dəfələrlə bildirib ki, biz bu təklifi rədd edirik və heç bir halda mümkün olan məsələ deyil. Lakin Paşinyan geri çəkilmir, hətta bu günlərdə BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı da həmin mövqeni yenidən təkrarlamışdı. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Paşinyan öz mövqeyində xeyli yumşaldı.
Onun əvvəlki ritorikasından geri çəkildiyi məlum oldu. Paşinyan daha qondarma rejimin tərəf kimi danışıqlar prosesində iştirakında israrlı olmadığını ortaya qoyur”.
Elman Nəsirov hesab edir ki, bütün bunlar təsadüfən baş vermir:
“Əvvəla, Paşinyan fərqindədir ki, onun əvvəlki yanaşması sadəcə, daxili auditoriyanı sakitləşdirmək üçün idi. Ancaq reallıqda bu yanaşmanın heç bir təsir gücü mövcud deyildi. Onun reallaşma əmsalı sıfra bərabər idi. Eyni zamanda məlum oldu ki, BMT, ATƏT-in Minsk Qrupu da bu yanaşmanı qəbul etmir. Həmçinin çox güman MDB Dövlət Başçıları Şurasının iclasında da analoji yanaşma ilə qarşılaşıb.
Bu halda o başa düşdü ki, əvvəlki mövqeyini davam etdirmək sadəcə, müharibəyə yaşıl işıq yandırmaq anlamını verə bilərdi.
Ona görə də hesab edirəm ki, Paşinyanın əvvəlki mövqedən fərqli mövqe ortaya qoyması danışıqlar prosesi üçün müsbət şərait formalaşdırır.
Nəzərə alsaq ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib, oktyabr ayında isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri baş tutacaq. Bu səfərlərin ardınca isə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşünün baş tutacağı istisna deyil. Bu görüş münaqişənin həlli ilə bağlı yeni perspektivlər vəd edə bilər”.