29 Sentyabr 2018 14:36
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sentyabrın 28-də Düşənbədə baş tutan söhbət rəsmi İrəvanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, N.Paşinyanın görüşdən dərhal sonra böyük sevinc hissi ilə açıqlama verməsi, atəşkəs rejiminə əməl olunması barədə razılığın əldə edilməsi ilə bağlı Bako Saakyanı məlumatlandırması Ermənistanın baş nazirinin işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin danışıqlar prosesinə qatılması ilə bağlı mülahizələrini tamamilə təkzib edir:

“Nikol Paşinyanın bu açıqlaması separatçı rejimin Ermənistan rəhbərliyi tərəfindən idarə olunması faktını bir daha təsdiqləyir. Bu isə danışıqlar prosesinin davam etdirilməsinə maneə yaradan davakar ritorikanı, manipulyativ davranışları, tənzimlənmə prosesinin mahiyyətinə zidd olan əsassız yanaşmaları sıradan çıxarır, Ermənistanın danışıqlar prosesinin əvvəlki formatının dəyişdirilməsi ilə bağlı cəhdlərinə son qoyur”.

O, əlavə edib ki, bu söhbət, prinsip etibarilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Nikol Paşinyanın irəli sürdüyü iddiaların beynəlxalq birlik tərəfindən qəbul edilmədiyi, Azərbaycanın mövqeyinin birmənalı şəkildə qəbul edildiyi anlamına gəlir:

“Mövcud vəziyyət danışıqlar prosesinin substansiv müstəvidə davam etdirilməsinə imkan yaradır. Ümid edirəm ki, Ermənistan yaranmış vəziyyətdən ciddi nəticə çıxaracaq və Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin tələblərinə əməl edəcək.

Bu, Ermənistanın düşdüyü böhran vəziyyətindən çıxması üçün sonuncu şansdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər