2 Oktyabr 2018 22:56
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyada referendumun baş tutmamasında əsas maraqlı ölkələrdən biri Rusiyadır. Çünki Kreml bu ölkənin Avropa Birliyinə daxil olmasını istəmir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Onun sözlərinə görə, Makedoniyada keçirilmiş referendum baş tutmamış sayılacaq, çünki seçicilərin yarısından çoxu səsverməyə gəlmədi, referendum boykot edildi. Bu referendum ölkənin adıyla, daha doğrusu, adının dəyişdirilməsilə bağlı olub. Yunanıstanla uzun zaman davam edən mübahisələrdən sonra, Makedoniya hökuməti ölkənin adında dəyişiklik edəcəyilə razılaşdı, bunun üçün referendumun keçirəcəyinə söz verdi.

Ekspert bildirib ki, Yuqoslaviyanın dağılmasından bu yana, Yunanıstan Makedoniya'nın bu cür adlandırılmasına etiraz edir, bu ölkənin NATO və Avropa Birliyinə qəbuluna veto qoyur:

“Problem ondadır ki, Yunanıstanın özündə Makedoniya adında bölgə var və Yunanıstan, özünü Makedoniya adlandıran ölkəni bu addan haqsız istifadə etməkdə suçlayır. Nəhayət, iki ölkə razılığa gəldilər, kompromis kimi, “Şimali Makedoniya” adını məqdbul saydılar.

Razılaşma əldə ediləndən sonra, hətta onun əldə edildiyi dönəmdə, Rusiya Yunanıstana təzyiq etdi, anlaşmanı pozmağa çalışdı. Nəticədə, Yunanıstan Rusiyanın iki diplomatını ölkəsindən qovdu. Ardınca, Rusiya Makedoniya Prezidentinə təzyiq etdi, eləcə də müxalifətinə təsir etdi ki, onlar adın dəyişdirilməsilə bağlı referendumun baş tutmasına mane olsunlar. Nəticədə, referendum baş tutmadı, boykot olundu”.

Erkin Qədirli baş verənləri təsadüfi hesab etmir:
“Çünki Rusiya qazını daşımalı olacaq “Türk Axını” boru layihəsi Makedoniya ərazisindən keçəcək. Makedoniyanın adı dəyişərsə, Rusiyanın bu planına nə olacaq? Makedoniyanın adı dəyişərsə, Yunanıstan bu ölkənin NATO-ya və Avropa Birliyinə girməsinə mane olmayacaq. Makedoniyanın yeni adla NATO və Avropa Birliyinə girməsi isə, Rusiya qazının bu ölkədən keçməsinə mane olacaq”.

Politoloq hesab edir ki, Azərbaycan qazını daşımalı olacaq TAP boru layihəsinə qarşı İtaliyanın şimalında ekoloji dona geyindirilmiş etirazların da arxasında məhz Rusiya dayanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər