ATƏT Parlament Assambleyasının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən toplantısı davam edir. Toplantıda 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, toplantıda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili regionda yeni çağırış kimi insan kapitalının inkişafı və təhsilin keyfiyyətinin və kütləviliyinin artırılmasını göstərərək iştirakçı dövlətlərin əsas diqqəti bu istiqamətlərə yönəlməli olduqlarını qeyd edib.
Azərbaycanda insan kapitalının inkişafından danışan T.Mirkişili Bakı şəhərinin “World EXPO-2025” sərgisinə ev sahibliyi etmək üçün namizədliyini verdiyini bildirərək, Azərbaycanın bu tədbiri keçirməklə əsas diqqəti insan kapitalının inkişafı və daha yaxşı həyat qurmağa yönəltmək istədiyini bildirib. Deputat Azərbaycanın qalib gələcəyi təqdirdə Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək bu tədbirin əslində, həm də bütöv bir regionun inkişafına və təhlükəsizliyin təmin olunmasına insan kapitalının inkişafı yolu ilə öz töhfəsini verəcəyini deyib.
T.Mirkişili sonda bütün iştirakçı ölkələri Azərbaycanın bu təşəbbüsünü dəstəkləməyə çağırıb.