Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin xarici siyasəti ilə bağlı səsləndirdiyi qərəzli və ermənilərin maraqlarına xidmət edən fikirləri qətiyyətlə pisləyir və bunu qəbuledilməz hesab edirəm.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova deyib.
K.Zatulinin bu mövqeyinin Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmədiyini bildirən millət vəkili deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən 3 dövlətdən biri kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinə səy göstərir.
S.Qafarova xatırladıb ki, sözügedən fikirlər K.Zatulinin ermənipərəst mövqeyini ifadə edən ilk belə hal deyil:
“O, həmişə öz bəyanatlarında, mətbuata açıqlamalarında tarixi gerçəkilikləri, hüquqi məsələləri məqsədli şəkildə təhrif edir, bu zaman ermənilərin maraqlarından çıxış edərək onların mövqeyini açıq şəkildə müdafiə edir. Dəfələrlə Ermənistanın işğal siyasətinə bəraət qazandıran hərəkətləri ilə Azərbaycan ictimaiyyətinin haqlı qınaq və narazılığına səbəb olub. 2010-cu ildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin “seçki şousu”nu müşahidə edənlər sırasında Zatulinin də olması bu adamın fəaliyyətinin məqsədini açıq şəkildə ortaya qoyan daha bir faktdır. O, erməni diasporundan aldığı sifarişi yerinə yetirərək işğal faktını legitimləşdirmək üçün səy göstərir. Digər bir nüans isə ondan ibarətdir ki, bir çox siyasi dairələr tərəfindən təxribatçı kimi tanınan Konstantin Zatulin həmişə milli zəmində qarşıdurmaları qızışdırmaq, qondarma, separatçı rejimlərə dəstək verməklə məşğul olub və bu fəaliyyətinə görə, bəzi müstəqil dövlətlər tərəfindən “persona non-qrata” elan olunub. Zatulin ermənipərəst fəaliyyətə o qədər aludə olub ki, bu zaman o, hətta öz ölkəsinin maraqlarını belə bir kənara qoyur”.
S.Qafarovanın sözlərinə görə, K.Zatulinin bu bəyanatı bir daha o əminliyi yaradır ki, erməni diasporunun imkanlarından bəhrələnən, ermənilərin sifarişi və təlimatı əsasında fəaliyyət göstərən Zatulin və onun kimilərinin məqsədi Azərbaycanla Rusiya ərasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirməkdir.
“Amma Zatulinə xatırlatmaq istəyirəm ki, onun kimilərinin məqsədi nə olursa olsun, istər Rusiyanın dövlət başçısı və hökumət təmsilçiləri, istər Rusiya cəmiyyətində nüfuz sahibi olan ziyalılar və ictimaiyyət nümayəndələri Azərbaycan dövləti ilə əlaqələrin Moskva üçün nə qədər əhəmiyyətli olduğunun fərqindədir və dəfələrlə bəyan edilib ki, Rusiya bu münasibətlərin daha da inkişafına səy göstərir. İndi hansısa bir siyasi təxribatçının, erməni diasporundan maadi dəstək alan qeyri-ciddi "siyasətçi"nin bu münasibətləri hədəf alması heç bir nəticə verməyəcək”, – deyə deputat bildirib.