Rusiya Prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən son səfərini 1990-cı illərdən bu yana böyük transformasiyaya uğramış Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə adlandırsaq, eləcə də Qafqazda yenidən formalaşan geopolitik arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək, yanılmarıq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.
O qeyd edib ki, daha böyük müstəvidən baxanda, Qərblə böyük savaşın içərisində olan, Suriyada aktiv hərbi əməliyyatlar aparan və Ukraynadan fasiləsiz qaynar raportlar qəbul edən bir dövlətin lideri xarici siyasət qrafikində bir Qafqaz ölkəsinə təsadüfi yer ayıra bilməz:
“Artıq iki dövlət başçısının bir ay ərzində iki dəfə görüşmələri ciddi məsələdir. Soçidə Vladimir Putinlə Prezident İlham Əliyev arasındakı yüksək səviyyəli danışıqlar bölgəsəl informasiya məkanında bir gün də olsun gündəlikdən düşmədi və hələ də təkcə ekspertlər, politoloqlar tərəfindən deyil, eləcə də dövlət rəsmiləri səviyyəsində onun ətrafında təhlillər səngimir. Bəli, Azərbaycan fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və qitələr üçün cazibədar partnyor halına gəlib.
Belə olan şəraitdə Prezident İlham Əliyev çox peşəkarlıqla uzun illər can atdığı hədəfə doğru irəliləməkdə davam edir. Bu gün sözün həqiqi mənasında Azərbaycan regionda təhlükəsizliyin və inkişafın təmin olunmasında əsas aktordur. Putinin Bakıya gəldiyi 27 sentyabr günlərində Bakıda böyük “ADEX-2018” müdafiə sənayesi sərgisi keçirilir və dünyanın müxtəlif şirkətləri, hətta yerləşdiyimiz regiona tabu qoyan Fransa kompaniyaları da ən müasir texnologiyaları götürüb qədim bir Şərq ölkəsinə can atır. 90-cı illərdə bunu ağıla gətirmək belə mümkünsüz idi. Söhbət heç puldan getmir. TASS agentliyi tərəfindən yayılan məlumatı təhlil edənlər yaxşı görür ki, sərgiyə qatılan dövlətlərin təmsilçiləri, hansı ki, onların bir çoxu beynəlxalq məkanda hərbi və yaxud siyasi baxımından rəqibdirlər, burada çox rahatlıqla, necə deyərlər, dinc bir şəkildə məhsullarını təqdim edirlər.
Diqqətlə baxanda görünür ki, Kremlin strateqləri 2005-ci ilə qədər tətbiq etdikləri anti-Bakı sanksiyalarından vaz keçərək əvvəlcə ağır texnikanın satışına qərar veriblər. Burada 100 dən çox T-72B tankı və 70-dən artıq BTR-80A, müxtəlif kalibrli haubitsalar və tank əleyhinə komplekslər, məsələn Kornet-E sistemləri yer tutubsa, 2010-cu ildən başlayaraq ən qorxulu “S-300” zenit raket qurğuları, o cümlədən, 18 ədəd qorxusaçan “Smerç” raketləri, dağıdıcılıq gücünə görə ondan daha irəli gedən TOS-1A Solntsepekdən 24 ədəd, eləcə də onlarla qırıcı təyyarlər və Mİ-17 hərbi vertolyotları alınıb.
Xüsusilə də son 8 ildə müasir İqla raketləri, Xrizantema-S tankəlehinə raket sistemləri ilə parallel şəkildə son hərbi naliyyətlərin nəticəsi olan T-90S tankından 100 ədəd, BMP-3 dən 118 ədəd və onlarla digər çeşiddə texnikalar Azərbaycana daxil olub. Bütün bunlar sübut edir ki, Ermənistanla müttəfiqlik 30 il, yaxud bir əsr əvvəlki tarixlə müqayisədə qat-qat zəifləyib və indi Paşinyan hökumətinin sözçüsü bir, Putinin köməkçisi Uşakovunsa ayrı söz dediyi reallıqda Kreml regionda kəskin dəyişiklik etməyə hazır görünür. İrəvanda Rusiya prezidentini gözlədiklərini dilə gətirirlər, hətta konkret tarix saylənilirdi, amma çox yaxşı bilinir ki, küçədə formalaşan inqilabi hökumət özünü beynəlxalq bazarda satışa çıxarıb”.
Deputat onu da bildirib ki, 15 sentyabrda Bakının bolşevik-daşnak birləşmələrindən azad olunması şüarı mahiyyətcə Qarabağın işğaldan azad olunacağına bir işarədir:
“Əlbəttə, bu hadisənin fonunda regionda çox ciddi proseslər baş verir. Məsələn, Ankara-Moksva müttəfiqliyi son 600 ildə heç vaxt indiki səviyyəyə çatmayıb. Belə bir düzəndə Prezident İlham Əliyev Vladimir Putini öz ölkəsində salamlayır və regionun gələcəyi ilə bağlı iki güclü liderin qərarları bağlı qapılar arxasında müzakirə edilir.
Ermənistanı regional orbitə qaytarmaq üçün Azərbaycan ordusunun dəyənək obrazına hər iki paytaxtın – Moskva və Bakının ehtiyacı yoxdur. Ona görə ki, Gümrü hərbi bazası və erməni sərhədlərini qoruyan rus hərbi birləşmələri istənilən vaxt Paşinyanı göylərdən yerə endirə bilər. Paşinyan Qərblə siyasi və maliyyə ittifaqı qurub, gəlib ruslarla hərbi ittifaq bağlayıb özünü Nelson Mandela kimi aparması siyasi don kixotluqdan başqa bir şey deyil”.